Milli Kitabxananın dövri mətbuat arxivindən...
Mətbu səhifələrdən seçmələrdə bu dəfə “Mədəniyyət” qəzetinin arxivinə nəzər saldıq. 33 il əvvəl qəzetdə dərc olunan yazılardan biri teatrların yaradıcılıq hesabat-planları barədədir. Bir qərinə öncə olduğu kimi, repertuar seçiminə yanaşma, mənəvi-əxlaqi problemlərin səhnə təcəssümü kimi məsələlər indi də aktualdır.
Tamaşaçını nə gözləyir?
Əməkdaşımız yaradıcılıq qayğıları, cari repertuarı, gələcək planlarla bağlı teatr kollektivlərinə müraciət etmişdir.
Həsən Turabov (M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri və direktoru):
– Teatrın binasında əsaslı təmir getməsinə baxmayaraq, kollektiv qaynar yaradıcılıq prosesindən soyumamışdır. Son vaxtlar Naxçıvan Muxtar Respublikasının, Qutqaşenin (indiki Qəbələ – red.), Goranboyun, Lənkəran-Astara ərazisinin, Bakı kəndlərinin və başqa rayonların zəhmətkeşləri qarşısında yaradıcılıq hesabatları vermişik.
Repertuarımızı həmişə olduğu kimi yeni tamaşalarla zənginləşdirəcəyik. Komediya ustası Sabit Rəhmanın “Yalan” əsərinə yenidən qayıtmışıq. Mənəvi-əxlaqi problemlərə toxunan bu əsərin tamaşası ilə dramaturqun anadan olmasının 80 illiyini qeyd edəcəyik. Tamaşaçılar görkəmli dramaturq İlyas Əfəndiyevin “Tənha iydə ağacı” adlı yeni pyesi ilə də tanış olacaqlar. Yazıçı bu əsərində azərbaycanlı mühacirlərin taleyindən danışır. Hər iki quruluş Əməkdar incəsənət xadimi M.Fərzəlibəyovundur.
Rejissor Bəhram Osmanov Xalq şairi B.Vahabzadənin “Hara gedir bu dünya?” dramını hazırlayır. Müəllif əsərdə ziddiyyətli, ağrılı-acılı dünyamızı, cəmiyyətimizin səhifələrini canlandırır.
Fiqeyredonun “Ezop” pyesinə isə respublikanın Əməkdar artisti Həsən Əbluc quruluş verəcəkdir.
SSRİ Mədəniyyət Nazirliyinin sifarişi ilə rejissor Vaqif Həsənov “Ağa Məhəmməd şah Qacar” (Ə.Haqverdiyev) faciəsini tamaşaya qoyacaqdır. İ.Əfəndiyevin “Hökmdar və qızı”, Q.Lorkanın “Don Bernardo Anba” (tərcümə T.Elçinindir) pyesləri gələcək repertuara daxildir.
***
Ağakişi Kazımov (M.Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru):
– Teatrımız 60 illik yubiley ərəfəsindədir. Teatrın kollektivi binasızlıq üzündən on il ağır şəraitdə işləmək məcburiyyətində qalmışdır. Bu da aktyorların ovqatına, fiziki hazırlığına mənfi təsir göstərmiş, bəzilərinin sənətkarlıq vərdişlərinin yadırğamasına səbəb olmuşdur.
A.Şaiq yaradıcılığına qayıtmağı özümüzə mənəvi borc bilirik. Teatrın təşəkkülü bu yazıçının dramaturgiyası ilə sıx bağlıdır. Rejissor M.Tağıyev onun “Bir saat xəlifəlik” əsərini hazırlayacaqdır. Mən Qərbi Avropa dramaturgiyasının klassiki Lope de Veqanın “Çoxbilmiş sevgilim” pyesinin quruluşu üzərində iş aparıram. Respublikanın Əməkdar artisti A.Salmanov tanınmış yazıçı Q.İlkinin kiçikyaşlı tamaşaçılar üçün qələmə aldığı “Qarışqa şıllaq atdı” nağıl-pyesinə quruluş verəcəkdir.
Qarşıdakı yubiley məsuliyyət hissimizi artırır, bizi yeni axtarışlara, şüarsız, boyasız tamaşalar yaratmağa, gənc nəslə əbədi həqiqətlərdən danışmağa səsləyir.
“Mədəniyyət”, 23 yanvar 1991-ci il