Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.
2001-ci il 15 oktyabr
Prezident Heydər Əliyev milli və dünya klassik rəqs əsərlərinin təbliğində mühüm xidmətləri olan Azərbaycan Dövlət Rəqs Ansamblı işçilərinin sosial təminatını yaxşılaşdırmaq haqqında sərəncam imzalayıb. Ansamblın işçilərinin aylıq maaşları 2002-ci il yanvarın 1-dən orta hesabla beş dəfə artırılıb.
Azərbaycan musiqi sənətinin inkişafindakı xidmətlərinə görə bəstəkar, Xalq artisti Ramiz Mustafayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Sənətkara 75 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
2001-ci il 17 oktyabr
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş mərasimdə nitq söyləyib.
“...Bəlkə də bu on ilin gündəliyi yazılmalıdır. Hansı gün nə olub, Azərbaycan hansı gün nə vəziyyətdə olubdur... Çünki dövr, zaman gələcək, Azərbaycan müstəqil bir dövlət kimi daha da möhkəmlənəcək, qüdrətli bir dövlət olacaqdır. Ancaq gələcək nəsillər də gərək bunu unutmasınlar. Ona görə də bu on il təhlil edilməlidir. İndi bizim tarixçilər adətən keçmiş əsrləri təhlil edirlər, əsərlər yazırlar, elmi dərəcələr alırlar. Buna etiraz yoxdur, çünki tariximizin hər səhifəsi bizim üçün əhəmiyyətlidir. Ancaq tariximizin bu səhifəsi, bu onillik səhifəsi, hesab edirəm ki, bizim xalqımız üçün və gələcək nəsillər üçün ən əhəmiyyətli bir dövrdür. O mənada ki, faciəli dövrdür, ağır dövrdür, amma eyni zamanda, bu dövrü bizim xalqımız öz müdrikliyi ilə, öz iradəsi ilə yaşadı və bu çətinliklərdən çıxdı...”.
2001-ci il 18 oktyabr
Dövlət müstəqilliyinin 10-cu ildönümündə Şəhidlər xiyabanını ziyarət edib.
“Gülüstan” Sarayında Azərbaycanın dövlət müstəqilliyinin 10-cu ildönümü münasibətilə təşkil olunmuş rəsmi qəbulda nitq söyləyib. Mərasimdə iştirak edən mədəniyyət xadimləri ilə də səmimi şəkildə görüşərək söhbət edib.
2001-ci il 27 oktyabr
İctimai xadim, Azərbaycan ədəbiyyatı və elminin görkəmli nümayəndəsi, Xalq yazıçısı Mirzə İbrahimovun 90 illik yubileyi haqqında sərəncam imzalayıb.
2001-ci il 9 noyabr
Dünya Azərbaycanlılarının I Qurultayında nitq söyləyib.
“...Biz istəyirik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşı kimi, istədikləri kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Bizim hamımızı birləşdirən bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək deməkdir. Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam! Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı yaşatmalıyıq...”.
2001-ci il 3 dekabr
Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə şair Nəriman Həsənzadəni “Şöhrət” ordeni ilə təltif edib.
Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Xalq artisti Yaqub Məmmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Muğam sənətinin görkəmli nümayəndəsini yaradıcılığının 50 illiyi münasibətilə təbrik edib.
2001-ci il 9 dekabr
“Uşaqların Beynəlxalq Televiziya və Radio Günü” münasibətilə keçirilmiş şənlikdə nitq söyləyib.
2001-ci il 12 dekabr
Azərbaycan xalqı qarşısında xidmətlərinə görə bir qrup ədəbiyyat və incəsənət xadiminə fərdi təqaüdlərin verilməsi haqqında sərəncam imzalayıb. Fərdi təqaüdə layiq görülənlər: memar Davud Axundov, rəssamlar Rasim Babayev, Elbəy Rzaquliyev, Xalidə Səfərova, şair Fikrət Qoca, balet artisti Maqsud Məmmədov.
2001-ci il 24 dekabr
Azərbaycanda kitabxanaşünaslıq elminin inkişaf etdirilməsində xidmətlərinə görə Abuzər Xələfova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında fərman imzalayıb.
2001-ci il 25 dekabr
Xalq şairi Rəsul Rzanın 90 illiyinə həsr olunmuş yubiley gecəsində iştirak edib.
2002-ci il 19 yanvar
20 Yanvar faciəsinin 12-ci ildönümünə həsr olunmuş mərasimdə iştirak edib.
2002-ci il 3 mart
Azərbaycanın beynəlxalq mədəni əlaqələrinin möhkəmləndirilməsi və musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Mstislav Leopoldoviç Rostropoviçin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb.
Mstislav Rostropoviçlə Respublika Sarayında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsertində olub.
2002-ci il 4 mart
Görkəmli musiqiçi Mstislav Rostropoviçə “İstiqlal” ordenini təqdim edib.
Mstislav Rostropoviçin 75 illiyi şərəfinə təşkil olunmuş rəsmi qəbulda çıxış edib.
Hazırladı: V.Orxan