Fevralın 6-da Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun (1924–1997) anadan olmasının 100-cü ildönümü tamam oldu.

Bu münasibətlə Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, mədəniyyət və incəsənət xadimləri sənətkarın məzarını ziyarət ediblər.

Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək ölkəmizdə kino sahəsinin inkişafında Şamil Mahmudbəyovun xüsusi rolu olduğunu bildirib.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu görkəmli sənətkarın respublikamızda kinematoqrafiyanın inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd olunub ki, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə 100 illik yubileyi ərəfəsində Şamil Mahmudbəyovun məzarüstü daşı yenilənib.

Xalq artistləri Oqtay Mirqasımov, Şəfiqə Məmmədova, Xamis Muradov və prodüser Rasim Həsənov rejissor haqqında xatirələrini bölüşüblər.

Qeyd edək ki, Şamil Mahmudbəyov “Qaraca qız”, “Romeo mənim qonşumdur”, “Şərikli çörək”, “Həyat bizi sınayır” və s. filmlərə quruluş verib. Kinorejissor “Şərikli çörək” filminə görə yaradıcı heyətlə birlikdə Azərbaycan Dövlət mükafatına layiq görülüb.