Azərbaycan əcnəbi turistlərin gözü ilə
   
      
   “Hər dəfə təyyarə ilə Bakıya yaxınlaşdıqca şəhərin mənzərəsinin nə qədər dəyişdiyinin şahidi oluruq”
   
   “Azərbaycan əcnəbi turistlərin gözü ilə” layihəsinin budəfəki qonaqları ölkəmizə mütəmadi səfər edən amerikalı pilotlardır. Dünyanı daha çox səmadan müşahidə edən bu peşə sahibləri təşrif buyurduqları ölkədə çox az qaldıqlarını, olduqları şəhərlərin yalnız gəzməli, görməli yerlərinə baş çəkə bildiklərini deyirlər. Paytaxt Bakı da onların mütəmadi qonaq olduqları şəhərlər sırasındadır. 3 ilə yaxındır ki, sərnişinlərin uzaq Avropadan ölkəmizə rahat və təhlükəsiz daşınması ilə məşğul olan müsahiblərim paytaxtımızda gedən inkişafdan, müsbət dəyişikliklərdən təəccüblərini gizlətmirlər. Bizimlə həmsöhbət olan Ceyms Corskip və həmkarlarının əsrarəngiz paytaxtımız Bakı haqqında maraqlı düşüncələri və təklifləri var...
   
   - Öncə özünüzü qəzetimizin oxucularına təqdim edərdiniz...
   - Adım Ceyms Corskipdir, Amerikanın Kentuki ştatındanam. Ailəliyəm, iki övladım, bir nəvəm var. Həmkarlarım isə məndən fərqli olaraq hələ ki, subaydırlar. Hər üçümüz pilotuq. Mən artıq 20 ilə yaxındır ki, bu peşə ilə məşğulam və işimdən olduqca razıyam. Ölkənizə səfərimiz də işimizlə əlaqəlidir. Biz Qərbi Avropa ölkələrindən Azərbaycana sərnişin daşımaları ilə məşğuluq. Onu da deyim ki, paytaxtınız Bakı bizim tez-tez səfər etdiyimiz və eyni zamanda məmnun qaldığımız şəhərlər sırasındadır.
   - Yəqin ki, səfərləriniz qısa olur. Bu müddət ərzində Bakının gəzməli, görməli yerlərində ola bilirsinizmi?
   - Səfərlərimizin qısa olduğunu düz deyirsiniz. Hər sahədə oldugu kimi bizim peşənin də həm müsbət, həm də mənfi tərəfləri var. Bəziləri bizə haqlı olaraq qibtə edirlər ki, siz dünyanın ən məşhur şəhərlərinə uçuşlar edirsiniz, fərqli ölkələrdə olursunuz, dünyanı dolaşırsınız. Bu həqiqətən də belədir, ancaq bilmirlər ki, səfər etdiyimiz bir çox şəhərlərdə o qədər az vaxtımız olur ki, heç hava limanından kənara belə çıxa bilmirik. Bəzi hallarda 2 saat ərzində təyyarə yenidən geri qayıtmalı olur. Çox ciddi qrafiki olan işdir. Ancaq Azərbaycan və Bakı ilə bağlı bəxtimiz gətirib. Təyyarənin uçuş qrafiki bizə şəhərinizi görməyə, burada az da olsa istirahət etməyə imkan verir. Biz də hər səfərimizdə mütləq bu imkandan istifadə edirik, şəhərin mərkəzi hissinə çıxırıq, restoranlara baş çəkirik. İçərişəhərdə bir neçə dəfə olmuşuq, Qız qalasından şəhəri, Bakı buxtasını, Dənizkənarı bulvarı seyr etmişik. Şəhəriniz çox xoşumuza gəlir. Olduqca təmiz, müasir şəhərdir. İnsanları da gülərüzlü və mehribandır. Burda olmaqdan, paytaxtınızı hər dəfə yenidən gəzməkdən zövq aldığımızı deyə bilərəm. Xəzər dənizinin sahilində belə bir gözəl şəhərə sahib olduğunuz üçün özünüzü xoşbəxt hiss etməlisiniz.
   - Nə vaxtdan ölkəmizə gəlib-gedirsiniz? Bu müddət ərzində hansı fərqləri müşahidə etmisiniz?
   - Artıq 3 ilə yaxındır ki, Bakı bizim daimi səyahət etdiyimiz şəhərlərdəndir. Siz də razılaşarsınız ki, bu az müddət deyil. Ancaq bu müddət ərzində o qədər dəyişiklik baş verib ki, belə sürətli inkişafa təəccüblənməmək olmur. Yeni tikililər, müasir binalar ucaldılır. Biz hər dəfə təyyarə ilə Bakıya yaxınlaşdıqca şəhərin mənzərəsinin nə qədər dəyişdiyinin şahidi oluruq. Şəhəri gəzdikdə də bu dəyişiklikləri müşahidə edə bilirik. Yeni restoran, ticarət və ya əyləncə mərkəzlərinin açıldığını, park salındığını görürük. Yəqin bu səbəbdəndir ki, hər dəfə Bakıya gəldiyimizdə mütləq şəhəri dolaşırıq. Çünki hər dəfə yeniliklərlə qarşılaşırıq, hər dəfə özümüzü burada ilk günkü kimi hiss edirik. Fikrimin daha aydın olması üçün sizə bir nümunə göstərim. Məsələn, Avropa şəhərlərində siz hər hansı qeyri-adi dəyişikliyin şahidi olmazsınız. Orada daha çox şəhərin əvvəlki görkəmini qorumağa çalışırlar. Bu səbəbdən 3 il əvvəl olduğunuz şəhəri bir də yenidən gəzmək o qədər də maraqlı olmur. Ancaq burada sanki hər gün nəsə dəyişir, yeniləşir.
   - Bakını səyahət etdiyiniz şəhərlərlə müqayisə etdikdə hansı mənzərə yaranır?
   - Mən şəxsən Bakını Dubay və Honkonqa bənzədirəm. Dəniz kənarından baxdıqda bu bənzərlik daha çox hiss olunur. Burada digər olduğum şəhərlərlə müqayisədə mənim xoşuma gələn bir çox məqamlar var. Parklarınız, fəvvarələr, piyada gəzintisi üçün yerləriniz, təmizlik məni valeh edir. Məsələn, Amerikada bir yerdən digər yerə getmək üçün mütləq avtomobildən istifadə etməlisən. Ancaq burada insan yorulmadan az qala bütün şəhəri piyada dolaşa bilər. Bu baxımdan İtaliya şəhərləri ilə oxşarlıq var. Ancaq o şəhərlər Bakı qədər təmiz deyillər. Bəzi cəhətlər də var ki, yalnız sizə xasdır. Məsələn, şəhərin ümumi arxitekturası, binalar sanki ölkənizin tarixini əks etdirir. Keçmiş Sovet İttifaqı ölkələrində də olmuşuq. Məsələn, Qazaxıstanın Astana şəhəri nisbətən müasirdir, ancaq Bakı ilə müqayisə edilə bilməz. Yeganə bənzərlik sovet dövründə tikilən binalardır.
   - Bu müddət ərzində yəqin ki, Azərbaycan mətbəxinin dadına baxmısınız. Bəyənirsinizmi?
   - Elə sizinlə görüşməzdən bir qədər əvvəl bizi restoranda Azərbaycan mətbəxinə - quzu kababına qonaq etdilər. Bu hər üçümüzün xoşuna gələn kabab növüdür, çox dadlıdır. Sizə bir sirr açım. Getdiyimiz hər şəhərdə ən çox bəyəndiyimiz yemək, içki və restoran var. Bakıya da hər səfərimiz öncəsi öz aramızda hansı restorana gedəcəyimizi və nə yeyəcəyimizi müzakirə etməyə başlayırıq. Buraya gəldiyimizdə isə mütləq quzu kababından dadırıq.
   Bir də sizdə pivə yaxşı olur. Daha bir müsbət məqam isə yeməklərinizin təmiz olmasıdır. Ötən dəfə toyuq kababı yemişdik. Tikələr o qədər də ətli deyildi. Bu isə o deməkdir ki, hormonsuzdur. Yeməklərinizə qatılan ədviyyatlar, souslar da dadlıdır. O qədər də acılı olmaması da xoş təsir bağışlayır. Bir çox Asiya ölkələrində, məsələn, Hindistanda, Tayvanda, hətta Türkiyənin özündə yeməkləri bəzən o qədər acılı edirlər ki, dadına baxmaq belə olmur.
   - Qiymətlər və xidmət səviyyəsi necə, qane edirmi?
   - Qiymətlər Avropa şəhərləri ilə demək olar ki, eynidir. Yeməklərin qiyməti nisbətən ucuzdur. Ancaq hotellərin qiymətlərində cüzi fərq belə hiss olunmur. Məsələn, bizim qaldığımız mehmanxanadakı qiymətlərlə maraqlandıq. İçki və yeməklərin qiyməti eyni Avropadakı kimidir. Xidmət səviyyəsi yaxşıdır. Gülərüzlü və mehriban olmağa çalışırlar. Təmizlik də yaxşı səviyyədir. Ancaq hərdən ofisiantlar yeməkləri gec gətirirlər, gözləməli oluruq. Bir də dil biliyi məsələsi o qədər də yaxşı səviyyədə deyil. Olur ki, ofisiant yaxınlaşır ona sifarişimizi veririk, sonra məlum olur ki, bizi yaxşı başa düşməyib, dili bilən biri bizə yenidən yaxınlaşır. Belə hallarla qarşılaşırıq.
   - Sizcə, ölkəmizə səfər edən turistləri məmnun etmək üçün daha nələr edilə bilər?
   - Öncə onu deyim ki, biz yalnız paytaxt Bakıda , özü də çox qısa müddətə olduğumuz üçün ölkənin ümumi turizm potensialı haqında danışmaqda çətinlik çəkirik. Ancaq şəhərinizin turizmi ilə bağlı müəyyən təkliflər verə bilərəm. Məncə, dənizdən turizm məqsədilə o qədər də yaxşı istifadə etmirsiniz. Məsələn, Dubayda dənizin onlara verdiyi üstünlüklərdən maksimum yararlanmağa çalışırlar. Dənizin ortasında adalar, restoranlar, kafelər, əyləncə və istirahət məkanları tikirlər, maraqlı dəniz gəzintiləri təşkil edirlər. Su idman növləri ilə məşğul olurlar, yelkənli gəmilər turistlərin ixtiyarına verilir. Məncə, siz də turistlərə bu cür xidmətləri təklif edə bilərsiniz. Bir məqama da toxunmaq istərdim. Hərdən mənə gəlir ki, siz indi inkişafın gətirdiyi problemləri yaşayırsınız. Məsələn, 3 il əvvəllə müqayisə etdikdə Bakıda bu qədər avtomobil yox idi. İndi həm sayları çoxdur, həm də daha bahalıdırlar. Ancaq yollarınız bu qədər maşın üçün dardır. Artıq bəzi yerlərdə səkilər də yola qatılıb, velosipedlər və piyadalar üçün hərəkət imkanları məhduddur. Bir də şəhərdə küçələri tapmaq çətindir. Yönəldici işarələr, küçə adlarını göstərən lövhələr azdır. Bələdçi kitabına baxıb hansısa restoranın ünvanını tapmağa çalışdıqda çox çətin olur. Gərək mütləq kimdənsə soruşasan. Məncə, bu məsələlər diqqətə alınsa turistlər üçün də çox rahat olar.
   
   Sadiq Musa







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar