Fevralın 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Xalq artisti Firəngiz Şərifovanın (1924 – 2014) 100 illiyi münasibətilə aktrisanın məzarını ziyarət edib.

Mədəniyyət Nazirliyinin müşaviri Oleq Əmirbəyov, Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Nicat Kazımov, Əməkdar artist Şəfəq Əliyeva, Firəngiz Şərifovanın ailə üzvləri sənətkarın həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüb, sənət yoluna nəzər salıblar.

Qeyd olunub ki, Firəngiz Şərifova 1960-cı ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrında aktrisa kimi fəaliyyət göstərib, bir-birindən maraqlı, yaddaqalan rollar ifa etməklə tamaşaçı məhəbbətini qazanıb.

Teatr sənəti sahəsindəki xidmətlərinə görə aktrisa 1960-cı ildə “Əməkdar artist”, 1969-cu ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2002-ci ildən Prezident təqaüdçüsü olub.