Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti akademik Şahin Mustafayev “İpək Yolunun UNESCO-nun Dünya İrs Siyahısına namizədlik prosesinin dəstəklənməsi” mövzusunda onlayn keçirilən 6-cı ekspert iclasına qatılıb. İclas UNESCO-nun Dünya İrs Mərkəzi və Mərkəzi Asiya Araşdırmaları Beynəlxalq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Bu barədə BTA-dan (Astana şəhərində yerləşir) məlumat verilib. Bildirilib ki, iclasın açılışında UNESCO-nun Dünya İrs Mərkəzi Asiya-Sakit Okean Departamentinin direktoru Himalçuli Qurunq təbrik nitqi ilə çıxış edib.
İclasda 2024-cü ildə həyata keçiriləcək layihə barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu, UNESCO və Yaponiyanın Dünya Mədəni İrsin Qorunması üzrə Trast Fondu (Japan Fit) tərəfindən həyata keçirilən layihənin 3-cü mərhələsidir. Ekspertlər əmindir ki, “İpək Yolunun Volqa-Xəzər dəhlizi” transmilli nominasiyası tezliklə UNESCO-nun Dünya İrs Siyahısına daxil ediləcək, çünki bundan əvvəl İpək Yolunun digər transsərhəd rayonları da bu siyahıya salınıb.