Zəlzələnin dağıtdığı Kahramanmaraşda “Azərbaycan” məhəlləsi inşa olunur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ildönümü ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Dövlətimizin başçısı məktubda bu dəhşətli faciə nəticəsində həlak olmuş on minlərlə bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək onlara Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyib.
Məktubda daha sonra deyilir:
Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi.
Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq.
Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik.
Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır.
Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm.
***
Qeyd edək ki, Azərbaycan ötən ilin 6 fevralında Türkiyənin cənub-şərqində baş verən (episentri Kahramanmaraş vilayətinin Pazarcık və Elbistan rayonları olmaqla) və 53 mindən çox insanın həyatına son qoyan zəlzələdən dərhal sonra qardaş ölkəyə yardım əlini uzadıb. Dövlətimizlə bərabər xalqımız da Türkiyənin dərdini öz dərdi kimi qəbul edib. Zəlzələdən zərər çəkmiş əhaliyə ərzaq, geyim və digər lazımi əşyalardan ibarət yardım toplama kampaniyasına on minlərlə soydaşımız qoşulub.
Təbii fəlakətin dağıtdığı ərazilərin yenidən qurulmasında da ölkəmiz yaxından iştirak edir. Hazırda Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsi salınır.
Azərbaycan dövlətinin vəsaiti hesabına inşa olunan yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək. Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.
Layihə üzrə məhəllə yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər obyektlərdən ibarətdir. Yaşayış məhəlləsində inşa olunacaq 71 binada 2, 3 və 4 otaqlı ümumilikdə 1323 mənzil olacaq. Eyni zamanda həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Yaşayış məhəlləsində 300 şagird yerlik ibtidai məktəbin və 60 yerlik uşaq bağçasının, eləcə də plan üzrə 11 və 12-ci kvartalların tikintisinə artıq başlanılıb.