Fevralın 6-da Mədəniyyət Nazirliyində müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib. 70 yaşı tamam olan Baba Vəziroğlu ölkə başçısının 11 yanvar 2024-cü il tarixli sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb. Ədəbiyyat və mədəniyyət xadimlərinə dövlət qayğısından danışan nazir bildirib ki, Ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərliyinin hər iki dövründə bu sahələrin inkişafını diqqətdə saxlayıb, yaradıcı insanlardan öz dəstəyini əsirgəməyib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini şairə təqdim edib, xatirə şəkli çəkdirilib.
***
Fevralın 6-da Mədəniyyət Nazirliyində Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Əməkdar memar Elbay Qasımzadəyə 2-ci dərəcəli “Əmək” ordeni təqdim olunub. Tanınmış memar 75 illik yubileyi ərəfəsində, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə bu ordenə layiq görülüb.
Mədəniyyət naziri Adil Kərimli Elbay Qasımzadəni yüksək dövlət təltifi münasibətilə təbrik edib. Qeyd olunub ki, Azərbaycanda memarlıq sahəsinin inkişafında onun mühüm xidmətləri var. Uzun illər Bakının baş memarı olmuş Elbay Qasımzadənin əməyi dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O bundan əvvəl “Şöhrət” (2000) və “Şərəf” (2018) ordenləri ilə təltif edilib.
Elbay Qasımzadə fəaliyyətinə verilən böyük dəyərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Nazir dövlət təltifini memara təqdim edib, xatirə şəkli çəkdirilib.