Ümummilli lider Heydər Əliyev böyük siyasətdə olduğu bir qərinədən artıq dövrdə, doğma xalqının taleyində tarixi rol oynamaqla bərabər, mədəni irsimizin qorunması və zənginləşdirilməsi, milli incəsənətin, ədəbiyyatın inkişafı, respublikada mədəni-maarif işinin qabaqcıl səviyyədə təşkili sahəsində müstəsna xidmətlər göstərib.
Heydər Əliyevin mədəniyyətə diqqət və qayğısı onun dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində – sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, Moskvada, SSRİ rəhbərliyində çalışdığı vaxtda və müstəqil Azərbaycana onillik prezidentliyi dövründə tarixin yaddaşına çoxsaylı səhifələrlə yazılıb. O hər zaman və hər yerdə Azərbaycan mədəniyyətinin böyük hamisi olub. Bununla bağlı illərin xronikasından seçmələrin dərcini davam etdiririk.
2002-ci il 9 mart
Prezident Heydər Əliyev Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Yuli Qusmana respublikanın “Xalq artisti”, muzey işinin təşkili və inkişafındakı xidmətlərinə görə Aybəniz Vəkilovaya “Əməkdar mədəniyyət işçisi” fəxri adlarının verilməsi haqqında fərmanlar imzalayıb.
2002-ci il 19 mart
Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Bakı şəhərindəki uşaq evlərində tərbiyə alan, eləcə də qaçqın, kimsəsiz və şəhid ailələrindən olan uşaqlar üçün təşkil edilən Novruz şənliyində iştirak edib.
2002-ci il 21 mart
Bakıda Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində iştirak edib.
2002-ci il 2 aprel
Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Xalq artisti, pianoçu Tamilla Zahid qızı Mahmudovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında fərman imzalayıb. Xalq artistinə yubileyi (70 yaşı - red.) münasibətilə təbrik məktubu göndərib.
2002-ci il 22 aprel
Respublika Sarayında Azərbaycanda Rusiya Federasiyası Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimində iştirak edib.
Fasilə zamanı səhnə arxasına gələrək Rusiyanın mədəniyyət naziri M.Şvıdkoy, dirijor V.Fedoseyev və nümayəndə heyətinin digər üzvləri ilə görüşüb.
“...Otuz il bundan əvvəl, 1972-ci ilin sentyabrında da Azərbaycanda Rusiya Federasiyası Mədəniyyəti Günləri keçirilmişdi. O vaxt biz Sovet İttifaqının tərkibində idik. Gözəl kollektivlər idi, təxminən 250-300 nəfər gəlmişdi. Musiqiçilər də, teatr xadimləri, müğənnilər, şairlər də var idi. Əvvəlcə Bakıda çıxışlar oldu, sonra isə bölgələrə getdilər, bağlanış üçün yenidən Bakıya qayıtdılar. O vaxt bizim belə sarayımız yox idi. Sumqayıtda, Gəncədə, Neft daşlarında çıxış edirdilər... Bax o vaxt sizin orkestr burada çıxış etmişdir, mən də konsertdə olmuşdum. Yeri gəlmişkən, sonralar mən Moskvada yaşayarkən də konsertlərinizi dinləyirdim...
İncəsənətin müxtəlif növləri var. Simfonik musiqi isə incəsənətin çox mürəkkəb, çətin növüdür. Mən burada sovet Azərbaycanının rəhbəri olanda filarmoniyaya gedirdim, simfonik musiqini çox sevirəm. Orada konsertlər olurdu, Niyazi və digər dirijorlar çıxış edirdilər. Görürdüm ki, rəhbər işçilərimiz bu konsertdə yoxdur. O zaman mən elan etdim ki, hər cümə axşamı günü axşam saat 7-də filarmoniyada simfonik musiqidən ibarət konsertə gəlmək lazımdır. Birinci dəfə gəlib gördüm ki, canlarını dişlərinə tutub oturublar. Biz Niyazi və Janna Dozortseva ilə razılaşdıq ki, Dozortseva hər dəfə konsertə gəlib simfonik musiqidən danışacaq, sonra konsert başlanacaqdır. Bundan sonra onlar musiqini daha yaxşı qavramağa başladılar... 1982-ci ilin axırınadək, mən burada işlədiyim müddətdə belə etdim, sonra hər şey pozuldu. Əlbəttə, indi, demokratiya şəraitində insanları məcbur edə bilmərəm... Amma görürəm, məcbur etmək lazım da deyildir. Doğrudur, adətən, rəhbər işçilər əyləşən boş yerlər də görürdüm...”.
2002-ci il 30 aprel
Türkiyənin Trabzon şəhərinə səfəri (Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin zirvə görüşü) gedişində Mustafa Kamal Atatürk muzeyini ziyarət edib.
2002-ci il 1 may
Görkəmli mədəniyyət xadimi, bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin anadan olmasının 80 illiyi haqqında sərəncam imzalayıb.
***
Görkəmli kinorejissor Rasim Ocaqova fərdi təqaüdün verilməsi haqqında sərəncam imzalayıb.
2002-ci il 2 may
Prezident Sarayında Bakıda keçirilən “Azərbaycanın milli-mədəni və təbii irsinin qorunub saxlanılması – Milli parklar proqramı” beynəlxalq konfransın iştirakçılarını qəbul edib.
2002-ci il 17 may
Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsindəki xidmətlərinə görə Xalq artisti Mirzə Babayevi “Şöhrət” ordeni ilə təltif edib.
2002-ci il 22 may
Prezident Sarayında Roma Papası II İoann Pavelin Azərbaycanın din, elm və incəsənət xadimləri ilə görüşündə nitq söyləyib.
2002-ci il 25 may
“Gülüstan” Sarayında Azərbaycan Respublikasının milli bayramı – Respublika Günü (2021-ci ildən Müstəqillik Günü) münasibətilə təntənəli mərasimdə iştirak edib.
2002-ci il 28 may
İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında fərman imzalayıb. İncəsənət xadimlərinə dövlət qayğısının artırılması, səhnə sənətinin inkişafı üçün daha əlverişli şərait yaradılması məqsədilə təsis olunan mükafatın üç dərəcəsi vardı: I dərəcəli mükafat – hər biri ayda 2 milyon manat (400 AZN); II dərəcəli mükafat – hər biri ayda 1,5 milyon manat (300 AZN); III dərəcəli mükafat – hər biri ayda 1 milyon manat (200 AZN).
Hazırladı: V.Orxan