Fevralın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aida Tağızadənin 90 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Bu barədə ABİ-dən məlumat verilib.
İttifaqın sədri Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə giriş sözündə Aida Tağızadənin yaradıcılıq yolundan, geniş elmi irsindən söhbət açıb. ABİ sədri musiqişünasın Azərbaycan bəstəkarlarının yaradıcılığının tədqiqi ilə bağlı elmi, eləcə də pedaqoji fəaliyyətini yüksək qiymətləndirib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli də Aida xanımın müəllim kimi fəaliyyətini xüsusi vurğulayaraq onun musiqişünaslıq elminə verdiyi töhfələrdən danışıb.
Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Lalə Hüseynova və sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı da çıxışlarında yubilyarın nəinki Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından uzaqlarda da istedadlı tələbələrinin fəaliyyət göstərdiyini vurğulayıblar.
ABİ-nin katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova “Aida Tağızadənin Azərbaycan musiqi elminə verdiyi töhfələr”, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zümrüd Dadaşzadənin “Aida Tağızadənin elmi fəaliyyəti” mövzularında məruzələri dinlənilib.
Konfransın musiqi hissəsində Aida Tağızadənin yaradıcılığını araşdırdığı bəstəkarlardan Soltan Hacıbəyovun “Adajio” və Cövdət Hacıyevin “Ballada” əsərləri səslənib. Əsərləri Xalq artisti Ülviyyə Hacıbəyova və S.Hacıbəyov adına Sumqayıt Musiqi Kollecinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, beynəlxalq müsabiqələr laureatı Səbinə Mehdiyeva ifa ediblər.
Sonda Aida Tağızadə musiqi mədəniyyətinin, musiqişünaslığın inkişafı naminə gördüyü işlərdən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılara dərin təşəkkürünü bildirib.