Xəbər verildiyi kimi, bu günlərdə ölkə başçısı elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 gənci Prezident mükafatı ilə təltif edib.
Gənclər üçün Prezident mükafatı 2013-cü ildə təsis edilib. Mükafat 10 000 manat məbləğində pul mükafatından, diplomdan, döş nişanından və həmin döş nişanının vəsiqəsindən ibarətdir. Mükafat hər il yuxarıda qeyd edilən beş sahə üzrə (hər birində 2 mükafat olmaqla) verilir.
Bu il də, necə deyərlər, “qızıl onluğa” düşərək öz fərqini göstərənlər sırasında iki nəfər mədəniyyət sahəsində çalışan gənc var. Onları oxucularımıza da yaxından tanıtmaq istərdik.
Ulucay Akif (Məmmədov) çağdaş ədəbi mühitdən bir çoxlarına yaxşı tanışdır. Mərhum şair Akif Səmədin oğludur. 1995-ci il mayın 14-də Bakı şəhərində anadan olub. 2001–2012-ci illərdə E.Əliyev adına 162 saylı tam orta məktəbdə təhsil alıb. 2013–2017-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin rus dili bölməsində bakalavr pilləsi üzrə təhsil alıb. 2017–2019-cu illərdə həmin fakültədə publisistik jurnalistika ixtisası üzrə magistr təhsili alıb.
2013-cü ildən “Ulucay Akif” imzasıyla mətbuatda dərc olunmağa başlayıb. 2016–2018-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin və Mədəniyyət Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin 3-cü buraxılış məzunudur. 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Tələbəlik illərindən “Ədalət” qəzetində və bir sıra xəbər saytlarında fəaliyyət göstərib, 2021-ci ildə “Ulduz” jurnalının redaksiya heyətində yer alıb. Həmin ildən “Kulis.az” ədəbiyyat və mədəniyyət portalının baş redaktorudur.
“Günəşə atılan mərmilər” adlı ilk şeirlər kitabı 2016-cı ildə çap olunub. “Gizlənqaç” kitabı 2020-də işıq üzü görüb.
Seçilən gənclər sırasında təmsil olunmaqdan qürur duyduğunu və sevincini özünün sosial şəbəkə hesabında paylaşan gənc şair təəssüratını bizə bu sözlərlə ifadə etdi: “Yaradıcılığımın, fəaliyyətimin dövlətimiz tərəfindən bu cür yüksək qiymətləndirilməsi məni çox sevindirdi. Bu mənim üçün çox böyük stimuldur. Məni bu mükafata layiq bilən ölkə başçımız cənab İlham Əliyevə təşəkkür edirəm”.
***
Milli balet sənətimizdəki gənc simalardan biri də Dinara Məmmədovadır. Prezident mükafatına layiq görülən Dinara artıq bir neçə ildir özünü istedadlı və zəhmətsevər gənc kimi göstərməklə sənətsevərlərin, bu sahədə peşəkarların diqqətini çəkə bilib.
6 aprel 1998-ci ildə Bakı şəhərində anadan olan Dinara 2005-ci ildə Bakı Xoreoqrafiya Məktəbinin klassik bölməsinə daxil olub, 2017-ci ildə oranı uğurla bitirib. 2016-cı ildə Balet artistlərinin Qəmər Almaszadə adına I Beynəlxalq müsabiqəsində II mükafata layiq görülüb. 2015 – 2016-cı illərdə Azərbaycan Dövlət Musiqili Teatrında çalışıb. 2017-ci ildən fəaliyyətini Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasında davam etdirir.
2019-cu ildən repertuardakı seçilən əsərlərdə aparıcı partiyaları – Q.Qarayevin “Leyli və Məcnun” baletində Leyli, “Yeddi gözəl” baletində Od, P.Çaykovskinin “Şelkunçik” baletində Maşa, həmçinin Kukla, Şeytan, Markiza və Çin gəlinciyi, “Qu gölü” baletində kiçik qu quşunun rəqsi və Neapolitan rəqsi (solo), P.Bülbüloğlunun “Eşq və ölüm” baletində Baycan, A.Pyatsollanın “Məhəbbət tanqosu”nda Tereza, F.Əmirovun “Min bir gecə” baletində birinci nağılda Qız, A.Adanın “Korsar” baletində kəniz (solo), L.Minkusun “Don Kixot” baletində Amur, A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirini ifa edib.
“Prezidentin gənclər üçün mükafatına layiq görüldüyüm üçün çox sevincliyəm. Bir gənc kimi mənim əziyyətimi görən və qiymətləndirənlərə təşəkkür edirəm. Gənclərə daim diqqət və sevgi ilə yanaşan Prezidentimiz cənab İlham Əliyevə sonsuz minnətdaram. Çalışacağam ki, dövlətimizin və sənətimizin adını bundan sonra da uca tutum”, – deyə sevincini bölüşən istedadlı artist həmyaşıdlarına bacardıqları sahədə durmadan çalışmağı da tövsiyə etdi.
Həmidə