Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanası, Turan kitabxanası və Özbəkistanın vilayətlərində yerləşən 14 mərkəzi və aparıcı kitabxanaya Azərbaycana dair zəngin kitab kolleksiyası hədiyyə edib.
AMM-dən bildirilib ki, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına 30 nüsxə, Daşkənd, Xarəzm, Nəvai, Buxara, Səmərqənd, Kaşkadərya, Sırxandərya, Cizzax, Sırdərya, Namanqan, Fərqanə, Əndican vilayəti, Qaraqalpaqıstan Muxtar Respublikası informasiya-kitabxana mərkəzi, habelə Səmərqənd şəhərindəki Puşkin adına, Kokand şəhərindəki Amiriy kitabxanası olmaqla hər bir kitabxanaya 20 adda, ümumilikdə isə 400 nüsxə kitab və elektron nəşr hədiyyə olunub.
Sözügedən kolleksiyada Azərbaycanın tarixinə, dövlətçiliyinə, mədəniyyətinə dair Azərbaycan, özbək və rus dillərində kitablar, o cümlədən müasir Azərbaycan ədəbiyyatına dair nəşrlər yer alıb.
Qeyd edək ki, yanvarın 31-də Azərbaycana dair zəngin kitab kolleksiyası Özbəkistanın regionlarındakı 14 mərkəzi kitabxanaya çatdırılması məqsədilə Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasına təqdim olunub. Hədiyyə nəşrlərin Özbəkistan Milli Kitabxanasında sərgisi təşkil edilib.