Azərbaycan kulinarları Almaniyanın Ştutqart şəhərində keçirilən (2–7 fevral) “IKA – Dünya Kulinariya Olimpiadası”nda uğurla iştirak ediblər.
Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə xüsusi olaraq olimpiada üçün yaradılmış komanda “fərdi iştirakçı” kateqoriyasının qənnadı incəsənəti üzrə iki bürünc medal və 6 diplom, eləcə də “ictimai keytrinq” kateqoriyası üzrə komanda yarışında diplom qazanıb.
DTA-dan bildirilib ki, dünya üzrə mötəbər kulinariya müsabiqələrindən sayılan olimpiadada ölkəmizi Milli Kulinariya Mərkəzinin dəstəyi və Dünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) təqdimatı ilə 9 aşpazdan ibarət heyət təmsil edib.
Milli komandanın təqdim etdiyi menyu ölkəmizin təbii biomüxtəlifliyini əks etdirməklə, eləcə də milli mətbəx mədəniyyətinin əsasları nəzərə alınmaqla hazırlanıb.
Müsabiqəyə təqdim olunan 2 menyuda Qafqaz şabalıdı, “Baltalı” düyüsü kimi beynəlxalq “Slou Fud” qastronomik turizm modelinə daxil edilən, məhz Azərbaycana məxsus biomüxtəliflik nümunəsi kimi tanınan məhsullar, o cümlədən zəfəran, Zirə pomidoru, nar kimi yerli məhsullardan istifadə edilib.
Müsabiqəyə təqdim edilən menyular dadlı, sağlam və dayanıqlı qida, tullantı olmadan və istifadə edilən hər bir məhsula xüsusi yanaşma ilə hazırlanma, xüsusi ölçülərə və biometrik formalara dəqiqliklə riayət edilmə, rəng amili də nəzərə alınmaqla səliqəli və estetik görünüş meyarları əsas götürülməklə qiymətləndirilib. Həmçinin hakimlər tərəfindən müəyyən edilmiş vaxt çərçivəsində komandanın iş prosesi, stresə davamlılıq, bərabər iş bölgüsü, mətbəxin təmizliyi, aşpazların şəxsi gigiyenası amilləri də nəzərə alınıb.
Tədbir çərçivəsində “Worldchefs”ə məxsus pavilyonda Azərbaycanın qastronomiyasını əks etdirən stend də quraşdırılıb. Stenddə ziyarətçilərə, o cümlədən qastronomiya mütəxəssislərinə ölkəmizin qastroturizm potensialı barədə məlumat verilib, Azərbaycan milli mətbəx nümunələrini dadmaq üçün şərait yaradılıb.
Stenddə əsasən Naxçıvan və Qarabağ mətbəxi, eləcə də Dünya İrs Siyahısında olan Şəki və Xınalıqla bağlı mətbəx nümunələri “Azərbaycanın UNESCO irsi üzrə qida ənənələri” tematikasında nümayiş etdirilib.
Dörd ildən bir Almaniyada təşkil olunan “IKA – Dünya Kulinariya Olimpiadası” kulinariya, qida, restoran və biznes sahələrində nüfuzlu beynəlxalq müsabiqə və sərgi kimi tanınır.