Vüsal Əliyev: «Macar turistlərin ölkəmizin turizm potensialı ilə tanış olması çox əhəmiyyətlidir»
   
   Bu ilin oktyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “ATA Travel” turizm şirkətinin təşkilatçılığı ilə Macarıstanın Turizm İdarəsinin və turizm şirkətlərinin nümayəndələri, eləcə də media mənsublarından ibarət heyət Bakıya səfər edəcək.
   
    Bu barədə məlumat verən “ATA Travel” MMC-nin baş direktoru Vüsal Əliyevin sözlərinə görə, macar turistlərin Azərbaycanın turizm potensialı ilə tanış olması çox əhəmiyyətlidir: “Səfər oktyabrın 1-dən 6-dək davam edəcək. Çalışacağıq ki, qonaqları müxtəlif tarixi məkanlara, Qəbələ və Naftalana, eləcə də muzey və digər mədəniyyət obyektlərinə aparıb Azərbaycanın zənginlikləri ilə tanış edək».
   Son vaxtlar Azərbaycan vətəndaşlarının da bu ölkəyə turist səfərlərinə maraq göstərməsindən danışan Vüsal Əliyev bildirdi ki, «ATA Travel» bu ildən Macarıstanı yeni bir istiqamət kimi seçib: «İki ölkə arasında sıx dostluq əlaqələri mövcuddur. Üstəlik, yay mövsümünün əvvəlində Budapeşt-Bakı-Budapeşt birbaşa hava reysi açıldı və aviabiletlərin qiyməti də olduqca münasibdir. Uçuşlar hələlik həftədə iki dəfə həyata keçirilir. Birbaşa hava reyslərinin açılması bizim bu fəaliyyətə başlamağımıza stimul verdi. İstəyirik ki, bu istiqamət Azərbaycanda geniş tanınsın. Bu məqsədlə iyunun 29-dan iyulun 5-dək Macarıstana tanışlıq turu təşkil etdik. Tur iştirakçıları Macarıstanın gəzməli-görməli yerləri, paytaxt Budapeşti, Peç şəhərini gəzdilər, müalicəvi suyu ilə məşhur olan Heviz gölü sahillərində oldular, Avropanın ən iri qapalı su hövzəsi sayılan Balaton gölünə tamaşa etdilər. Bundan əlavə, Macarıstana səfər edən turistlər oradan qonşu ölkələrə də gedə bilərlər. Məsələn, biz Budapeştdə olanda avtobusla birgünlük qonşu Avstriyaya - Vyana şəhərinə də səfər etdik».
   Şirkət rəhbərinin sözlərinə görə, Macarıstana turlar 3, 6 və 10 günlük təşkil edilir. 3 günlük turlar adətən həftənin sonuna təsadüf edir - şənbə, bazar və bazar ertəsi günləri: «Bu turlarda iki nəfər üçün qiymət 450-500 manatdır. Bu qiymət paketinə aviabilet, hoteldə qalmaq, transfer, hoteldə səhər yeməyi daxildir”.
   Vüsal Əliyev qeyd etdi ki, qədim tarixə və əsrarəngiz təbii gözəlliklərə malik Macarıstanın zəngin mədəniyyəti var. Bundan əlavə, Macarıstanda bazarlarda ucuzluq da turistləri cəlb edir: “Bu ilin iyun ayından indiyədək şirkətimiz vasitəsilə Macarıstana təxminən 300 nəfər səfər edib”.
   Turlar qiymət baxımından münasib olsa da, Şengen zonası ölkələrinin tələbinə görə viza almaq üçün bank hesabının göstərilməsi şərti müəyyən problemlər yaradır. Vüsal Əliyev bununla bağlı bildirdi ki, Şengen zonası ölkələrinə getmək istəyən turistin bank hesabında hotel və təyyarə biletinin qiymətindən başqa hər gün üçün 100 avro olmalıdır: «Bu isə o deməkdir ki, Avropaya gedən adam orada olduğu müddətdə hoteldə qalmaq, yemək, gəzmək və sair xərcləri ödəmək üçün normal vəsaitə malikdir”.

  Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar