Ermənilərin sərsəmliyi ilə bənzəri olmayan “böyük Ermənistan” ideyasından zaman-zaman müxtəlif xalqların zərər çəkdiyi tarixi bir gerçəkdir. XIX əsrin əvvəlində – Rusiya-İran və Rusiya-Osmanlı müharibələrinin nəticələrindən biri də ermənilərin çar Rusiyasının Cənubi Qafqazda ilhaq etdiyi ərazilərə – tarixi Azərbaycan torpaqlarına köçürülərək yerləşdirilməsi oldu. Beləcə, regionda gələcək erməni dövlətinin təməlləri atılmağa başlandı. Həmin savaşlardan birinin, 1826–1828-ci illər Rusiya-İran müharibəsinin başa çatmasının, Azərbaycan torpaqlarının Araz çayı boyunca ikiyə bölünməsinin (10 fevral 1828-ci il, Türkmənçay müqaviləsi) ildönümündə erməni ekspansionizminin tarixinə bir daha nəzər salmaq istərdik...
Qeyd etmək vacibdir ki, tarixi mənbələrə görə, ermənilər ərazi baxımından Qafqazdan kənarda, Kiçik Asiyada, Van gölü ətrafında, Fərat və Dəclə çaylarının sahilində yaşayırdı. Bunu vaxtilə ermənilərin özləri də təsdiq edirdi. Baxmayaraq ki, ermənilərin əsl “vətəni” Rusiya imperiyasının hüdudlarından kənarda yerləşib, onlar yalnız sonrakı əsrlərdə Qafqaz ərazisinin müxtəlif yerlərində məskunlaşmışlar.
1828-ci ildə I Nikolayın fərmanı ilə İrəvan xanlığının yerində süni “Erməni vilayəti” yaradıldıqdan sonra ləğv edilmiş Naxçıvan xanlığının da bir hissəsi bura daxil edildi və bundan sonra həmin ərazi 1850-ci ildə yaradılan İrəvan quberniyasının tərkibində qaldı. İrandan Şimali Azərbaycan torpaqlarına köçürülən ermənilər əsasən Qarabağ, İrəvan, Naxçıvan, Göyçə və Zəngəzur mahallarında məskunlaşdırılırdı. Təsadüfi deyil ki, çar administrasiyası Azərbaycanın məhz bu bölgələrini seçirdi. Çünki bu ərazilərdə bir çox qədim alban qəbiristanlıqları, məbədləri, müxtəlif tarixi abidələri vardı. Alban əhalisinin özü az idi. Çar hakimiyyəti ermənilərin Qafqaz Albaniyasının bütün tarixi və mədəni abidələrini mənimsəmələri üçün hər cür şərait yaradırdı.
Qərbi Azərbaycan tarixi Azərbaycan torpaqlarının bir hissəsidir. Bu mövzu uzun illər tarixçilərimizə əsasən qapalı idi. Yalnız XX əsrin 90-cı illərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu məsələ dərin və hərtərəfli tədqiqat mövzusuna çevrildi. Bu torpaqların əzəli Azərbaycan torpaqları olduğunu sübut edən çoxsaylı faktlar və mənbələr var. Sözügedən ərazilərdə müxtəlif dövrlərə aid maddi mədəniyyət abidələri aşkar edilib. Zəngəzur ərazisində Qarakilsə və Soyuqbulaqda, Urud kəndində qədim qayaüstü rəsmlər var. Onlar Qobustan və Gəmiqaya qayaüstü rəsmlərinin prototiplərinə aid edilir. Bu abidələr qədim türklərin burada yaşadığının bariz sübutudur. Bu baxımdan qəbirüstü abidələr də maraq doğurur. Zəngəzur ərazisində, Urud kəndində 1927-ci ildə rus alimi V.Sısoyev qoç heykəllərinin olduğu böyük bir müsəlman qəbiristanlığı aşkar etmişdi.
Uzun müddət ərzində azərbaycanlıların bu torpaqlardan planlı şəkildə çıxarılması həyata keçirilmiş, nəticə etibarilə əzəli torpaqlarımız erməniləşdirilmişdir. İrəvan xanlığının Rusiyaya birləşdirilməsindən sonra isə bu proses daha da intensivləşdi. Əzəli Azərbaycan toponimləri və hidronimləri dəyişdirildi, müsəlman məscidləri və digər memarlıq abidələri dağıdıldı, alban məbədləri isə erməni məbədlərinə “çevrildi”.
Tamamilə aydındır ki, qədimdə ermənilərin Cənubi Qafqazda heç bir dövlət təsisatı olmayıb. İrəvan ərazisində tarixən azərbaycanlılar yaşayıb, bunu mahal və məhəllə adları bir daha sübut edir.
Qeyd etmək vacibdir ki, Azərbaycanın qədim və Orta əsrlər dövlət quruluşlarının beşiyi olan Qarabağ, Naxçıvan, Zəngəzur ərazilərinin Xalq Cümhuriyyəti (1918 – 1920) dövründə qoparılması ideyası erməni siyasi partiyalarının çoxsaylı sənədlərinin əsas süjetini təşkil edirdi. Oxucuda elə bir fikir yarana bilər ki, Azərbaycan və Ermənistan respublikalarının Sovet İttifaqının tərkibində mövcud olduğu dövrdə erməni siyasi ekstremizmi öz fəaliyyətini dayandırıb və yalnız SSRİ dağıldığı zaman özünü büruzə verib. Əminliklə demək lazımdır ki, bu ictimai-siyasi “fenomen” sosialist ideologiyasının hakimiyyəti dövründə də mövcud idi, lakin gizli, üstüörtülü xarakter daşıyırdı. Erməni siyasi ekstremizminin gizli təzahürünün birinci formasına misal olaraq ötən əsrin 20-ci illərinin əvvəllərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Sarkis Sarkisov, Anastas Mikoyan və başqaları kimi erməni millətindən olan şəxslərin rəhbər vəzifələrdə “fəaliyyətini” göstərmək olar.
Erməni siyasi ekstremizminin gizli təzahürünün daha bir faktı sovet rəhbərliyində kök salmış Anastas Mikoyan və İvan Tevosyanın himayəsi altında Ermənistan SSR-in rəhbərliyi tərəfindən əcnəbi ermənilərin repatriasiyası haqqında qərar layihəsinin hazırlanması ilə bağlıdır. 1946 – 1949-cu illər xaricdəki ermənilərin Sovet Ermənistanına kütləvi şəkildə repatriasiyası ilə əlamətdar oldu. Üç il ərzində oraya 90 minə yaxın erməni köçdü. Bu da, nəticə etibarilə, SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərarın (1947) icrası ilə müşayiət olundu.
Ümumiyyətlə, Dağlıq Qarabağın Ermənistana verilməsi məsələsinin irəli sürülməsi, bir qayda olaraq, sovet dövlətinin tarixinin dönüş nöqtələrinə təsadüf edir. Stalinin ölümündən sonra SSRİ-də rəhbərliyin dəyişməsi və Sov.İKP-nin XX qurultayında onun şəxsiyyətinə pərəstişliyinə son verilməsi də bu baxımdan istisna deyildi.
1960-cı ilin dekabrında Sov.İKP MK-dan Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə müraciət daxil olur. Həmin müraciət Bostonda (ABŞ) nəşr olunan “Baykar” (“Mübarizə”) qəzetinin 18 oktyabr 1960-cı il tarixli nömrəsində dərc edilmişdi. Qəzet ABŞ-dəkı erməni diasporunun maraqlarını təcəssüm etdirən ruhani tipli erməni millətçi partiyasının orqanı idi. Mətndə sovet Azərbaycanına ünvanlanan belə bir təşəkkürnamə də yer alırdı: “Şübhə yoxdur ki, minlərlə Naxçıvan və Qarabağ ermənilərinin əsl erməni kimi, muxtar vilayətlərdə yetişməsində və təhsil almalarında öz məktəbləri, kitabları, teatrı ilə fədakarcasına xidmət edən Azərbaycana minnətdardırlar”.
O zamankı respublika rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi qəti və sarsılmaz idi. Sözügedən məsələnin Moskvadakı müzakirələrində Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov Azərbaycan rəhbərliyinin ərazi deformasiyalarının qarşısının alınması üçün prinsipial mövqeyini ifadə etmişdi.
Erməni ekstremizminin Azərbaycan SSR-ə təzyiq göstərən cərəyanının qarşısını alan və puça çıxaran isə böyük dövlət xadimi Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Sovet İttifaqında dövlət hakimiyyəti rəhbərliyində olduğu tarixi dövr oldu. Heydər Əliyevin sarsılmaz nüfuzu, müdrikliyi, dərin zəkası və xalqına olan böyük sevgisi bütün bu müddət ərzində yeni ərazi təxribatları törətməyə cəsarət edə bilməyən istər xarici, istərsə də Rusiyadakı “beşinci kolon” ermənilərinin həvəsini qursağında qoydu.
Təsadüfi deyil ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və bu zəmində işğalçılıq siyasəti də Heydər Əliyevin SSRİ rəhbərliyindəki vəzifələrindən getməsindən sonra başlandı. Bununla belə, keçmişdən dərs almayan, Azərbaycan xalqına qarşı radikal ekstremizmi ilə seçilən erməni siyasi qüvvələri də, əslində, gündən-günə öz ölkələrini “dənizdən-dənizə Ermənistan” yaratmaq kimi mifoloji bir ideyanın iflasının yeni mərhələsinə yaxınlaşdırırdı. Otuzillik işğala Azərbaycanın siyasi-hərbi qüdrəti ilə son qoyulması bunu bir daha nümayiş etdirdi.
2020-ci ildə 44 günlük Vətən müharibəsinin Zəfərlə başa çatması Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan bu qalibiyyətlərin təməlini illər öncə qoyan Ulu öndər Heydər Əliyevin siyasi dühasının da təntənəsi idi.
Vətən müharibəsindəki Qələbənin məntiqi davamı – 2023-cü ilin 19-20 sentyabrında Azərbaycanın bütün ərazisində suverenliyinin tam bərqərar olması idi. Azərbaycanın bu Zəfər salnaməsi erməni ekspansionizminə sarsıdıcı zərbə oldu və o sərsəm, mifik ideyanı da tarixin küllüyünə atdı...
Lətifə Məmmədova,
Yasamal rayon MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru