İşğaldan azad olunan Xocalı rayonunda kütləvi məzarlıq aşkar edilib.

Əsgəran qalasının yaxınlığında aşkarlanan məzarlıqda azı 8 insan qalığı var. Qalıqların 1992-ci ilin fevralında Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilir.

Müvafiq qurumların nümayəndələri yerli və xarici jurnalistlərin iştirakı ilə kütləvi məzarlığa baxış keçiriblər.

Xatırladaq ki, Azərbaycanın ötən il Qarabağda apardığı lokal xarakterli antiterror tədbirləri zamanı ələ keçirilən, 1990-cı illərin əvvəllərində Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin üzvü olan Rəşid Beqlaryan dindirilərkən 1992-ci ilin fevralında Xocalı sakinlərinin qətlində iştirakçı olmasını və hadisələr zamanı qətlə yetirilənlərdən 8 nəfərin Əsgəran qəsəbəsində, Qarqar çayının sol sahilində, Əsgəran qalasının ətrafında basdırıldığını etiraf etmişdi.