Bakı Media Mərkəzinin istehsalı olan çoxseriyalı “Himayədar” filminin çəkilişləri yekunlaşıb.
Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Zaur Qasımlı və Asif İsgəndərli, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhimdir.
Ekran əsəri Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümü ilə əlaqədar çəkilib. Filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr də əks etdirilir.
Daha öncə Bakı Media Mərkəzinin yaydığı məlumatda da bildirildiyi kimi, “Himayədar” filminin on beş aylıq hazırlıq və çəkiliş dövründə rəssam komandası tərəfindən 150-dən çox əsas qəhrəmanın geyim eskizləri və geyimləri, 400-dən çox geyim növləri, 100 aksesuar – zərgərlik nümunələri hazırlanıb. Səkkiz seriyadan ibarət olması nəzərdə tutulan filmin çəkilişləri 70-dən çox məkanda aparılıb.