Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında məqsədi iki ölkəyə barışıq və dinc qarşılıqlı fəaliyyət yoluna çıxmaq, regionda vəziyyətin dayanıqlı və sabit olması üçün etimad və əməkdaşlıq ab-havası yaratmaqda Azərbaycan və Ermənistana kömək etməkdir.
RF xarici işlər nazirinin müavini Mixail Qaluzin bunu “Rossiya 24” telekanalına müsahibəsində bildirib. O vurğulayıb ki, tərəflər regional kommunikasiyaların açılmasında mühüm nəticələr əldə ediblər.
Diplomat deyib: “Dəmir yolu əlaqəsinin necə bərpa oluna biləcəyi ilə bağlı ortaq məxrəcə gəlinib, konkret olaraq, söhbət Azərbaycanın əsas hissəsi ilə Ermənistanın Sünik vilayətindən keçməklə Azərbaycanın tərkib hissəsi olan Naxçıvan arasında dəmir yolundan gedir”.
RF XİN-in başçısının müavini qeyd edib: “Sülh prosesinə, sülh sazişinin imzalanmasına gəldikdə, biz Ermənistan və Azərbaycana münasibətlərin normallaşdırılması üzrə bütün kompleks məsələlərin müzakirəsində fəal köməklik göstərməyə davam edirik”.
O qeyd edib ki, Rusiya Bakı və İrəvana Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı məsləhətləşmələr təklif edir, çünki Moskvada topoqrafik materiallar var: “Biz hər zaman sülh müqaviləsi üzrə danışıqlar üçün meydançamızı təqdim etməyə hazırıq. Ümid edirik ki, İrəvanda fəaliyyətləri Rusiya Federasiyasını bu prosesdən sıxışdırmağa, Cənubi Qafqazda mövcud güc balansını pozmaq və bununla da Rusiyanın qonşuluğunda daha bir qeyri-sabitlik mənbəyi yaratmağa yönəlmiş qeyri-regional oyunçuları cəlb etmək səyləri əvəzinə, üçtərəfli sazişlərin həyata keçirilməsinin normallaşmanın ən etibarlı yolu olduğu anlayışı üstünlük təşkil edəcək”.