Xəbər verdiyimiz kimi, Azərbaycan turizm sahəsində daha bir nailiyyətə imza atıb. Avqustun 24-dən 29-dək Afrikanın Zambiya və Zimbabve respublikalarının birgə təşkilatçılığı ilə keçirilən Dünya Turizm Təşkilatının Baş Assambleyasında ölkəmiz qurumun İcraiyyə Şurasına üzv seçilib. Şuraya Avropa qitəsindən seçilən 4 dövlət (Azərbaycan, Almaniya, Serbiya, Bolqarıstan) arasında Azərbaycan 25 səs qazanaraq birinci olub. Sonrakı yerləri Almaniya (24 səs), Serbiya (20) və Bolqarıstan (18) bölüşdürüb. 
      
   Təbii ki, bu, respublikamızda turizmin inkişafı sahəsində görülən işlərin nəticəsi, Azərbaycanın turizm ölkəsi kimi dünyada nüfuzunun təsdiqi, ölkəmizin bu sahədə beynəlxalq əlaqələrinin, Mədəniyyət və Turizm Nazirliyinin Dünya Turizm Təşkilatı, bir çox tərəfdaş ölkələrlə səmərəli işgüzar əməkdaşlığının yüksək göstəricisidir.
   Məsələyə münasibət bildirən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu əlamətdar nəticəni Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində aparılan məqsədyönlü siyasətin tərkib hissəsi kimi qiymətləndirib: «Dünya Turizm Təşkilatı Baş Assambleyasında 200-ə yaxın ölkə təmsil olunur. Azərbaycan üçün Baş Assambleyanın budəfəki iclası çox uğurlu oldu. Ölkəmiz ilk dəfə Dünya Turizm Təşkilatının İcraiyyə Şurasına üzv seçildi. Şura üzvlüyünə səsvermə qitələr üzrə keçirilir. Azərbaycan Avropa ölkələri sırasından ən çox səs topladı».
   Nazir bildirib tədbirdə Azərbaycanın daha bir uğuru ölkəmizin təklifinin nəzərə alınaraq Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 2014-cü ildə növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair qərarın qəbul edilməsi olub. Bədnam qonşularımız səs-küy yaradaraq, təhlükəsizlik məsələlərini bəhanə edərək bu qərarın əleyhinə çıxmağa çalışsalar da, istəklərinə çata bilməyiblər: «Ukrayna, Rusiya, Gürcüstan, Xorvatiya, Avstriya və s. ölkələrdən olan nümayəndələr öz çıxışlarında ölkəmizdə keçirilən tədbirlərin daim yüksək səviyyədə, tam təhlükəsiz şəraitdə təşkil edildiyini faktlarla vurğuladılar. Nəticədə iclasın 2014-cü il aprelin 14-də Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olundu. Bu istiqamətdə bizim bir nailiyyətimiz də ondan ibarətdir ki, Azərbaycan Turizm Assosiasiyasının sədri və qurum Dünya Turizm Təşkilatının qoşulmuş üzvlər şurasının Avropa üzrə sədr müavini seçilib».
   Əbülfəs Qarayev onu da bildirdi ki, Azərbaycan artıq belə bir nüfuzlu turizm təşkilatında üç istiqamət üzrə çalışaraq, bütün məsələlərin həll olunmasına müvəffəq olur: «Bu da ondan xəbər verir ki, ölkə başçısının beynəlxalq səviyyədə apardığı siyasət Azərbaycanın nüfuzunun artmasına və bütün dünyada sözünü deməsinə xidmət edir. Azərbaycan Dünya Turizm Təşkilatının gənc üzvlərindəndir. Biz 2001-ci ildə quruma daxil olmuşuq. Cəmi 12 ildən sonra ölkəmizin qurumun İcraiyyə Şurasına üzv seçilməsi Azərbaycan turizminin inkişaf strategiyasının düzgün qurulmasının və dövlət başçısı tərəfindən turizmin inkişafına verilən dəstəyin sübutudur».
   
   Bütün çalışmalar yekunda ölkəmizin tanıdılmasına xidmət edir
   
   Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun sözlərinə görə, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai İcraiyyə Şurasının sessiyasında çıxışında Azərbaycanda vizanın sadələşdirilməsi məsələsinə də toxunub. Baş katib bunu çox uğurlu bir addım kimi qiymətləndirib.
   Rektor qeyd etdi ki, Azərbaycanın quruma yüksək səslə üzv qəbul edilməsini bir neçə səbəblə əlaqələndirmək olar: «Şübhəsiz ki, bu məsələdə ölkəmizin yüksək imicinin də böyük rolu var. Bu onu göstərir ki, Azərbaycan ötən müddət ərzində özünü geniş potensiala malik turizm ölkəsi kimi təsdiq edib. Bu, eyni zamanda bizim diplomatiyamızın da uğurudur. Azərbaycan Xarici İşlər Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə işinin nəticəsidir. Digər tərəfdən, hansısa ölkənin nümayəndəsinə səsvermə ilə bağlı müraciət edəndə gərək bunu əsaslandırmaq üçün əlində sübutların da olsun. Bunların hamısı bir yerdə bizim üçün çox əhəmiyyətlidir. Çünki bütün sahələr üzrə çalışmalar yekunda Azərbaycanın tanıdılmasına, Azərbaycan həqiqətlərinin dünyada yayılmasına xidmət edir. Turizm bu baxımdan çox əhəmiyyətlidir. Məhz bu sahəni inkişaf etdirməklə, ölkəyə çoxsaylı turistləri cəlb etməklə biz sülhsevər bir xalq olduğumuzu sübut edə bilərik. Dünyanın ən nüfuzlu turizm təşkilatının rəhbərliyində təmsil olunmaq bizə böyük imkanlar yaradacaq».
   Cəfər Cəfərov Dünya Turizm Təşkilatı Avropa Komissiyasının 2014-cü ildə iclasının Bakıda keçirilməsi ilə bağlı qəbul edilən qərarı da yüksək qiymətləndirdi: “Tədbirdə iştirak edənlər Azərbaycandakı yüksək inkişafın şahidi olacaqlar. Dəfələrlə olub ki, Bakıda keçirilən hər hansı tədbirdə iştirak etdikdən sonra tanıdığım insanlar təəssüratlarını bölüşən zaman heyranlıqlarını bildiriblər. Belə nüfuzlu tədbirlərin ölkəmizdə keçirilməsi turizm potensialımızın tanıdılmasına xidmət edir”.
   
   Azərbaycan turizm dünyasında öz sözünü deyir
   
   Azərbaycan Turizm Assosiasiyası İdarə Heyətinin sədri Nahid Bağırov bildirdi ki, indiyədək DTT-də assosiativ üzv kimi təmsil olunan AzTA, Azərbaycan Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzinin sırasına bu yaxınlarda Azərbaycandan daha 18 turizm müəssisəsi qoşulub: «Onlardan 2-si hotel, 16-sı isə turizm şirkətidir. Bu hotel və turizm şirkətləri eyni zamanda AzTA-nın üzvüdür. Bu o deməkdir ki, Azərbaycan turizmi DTT üzvü olan ölkələrdə kifayət qədər geniş təbliğ oluna biləcək».
   «Dünya Turizm Təşkilatının assosiativ üzvü olmaq böyük işdir» - deyən assosiasiya sədri qeyd etdi ki, bunun üçün müxtəlif mərhələlərdən keçmək, qurumun tələblərinə cavab vermək lazımdır: «Üzvlüyə namizədliyini vermiş hər bir turizm müəssisəsi qurumun müvafiq komissiyaları tərəfindən yoxlanılır, sonra isə onların rəyləri daha yuxarı instansiyaya təqdim olunur. Əgər müəssisə DTT-nin şərtlərinə cavab verirsə, onda onu üzvlüyə qəbul edirlər. Yoxlamadan sonra qurumun üzvlüyünə qəbul edilməyən müəssisələr də olur. Bu il müxtəlif ölkələrdən 30-a yaxın turizm müəssisəsi üzvlük üçün DTT-yə müraciət etmişdi. Bunun yarından çoxu - 18-i Azərbaycandan idi. Bu isə o deməkdir ki, Azərbaycan artıq turizm sahəsində dünyada öz sözünü deyir. Hazırda assosiativ üzvlərinin sayına görə Dünya Turizm Təşkilatında birinci yeri İspaniya, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Braziliya tutur. Bu çox böyük uğurdur. Turizm sahəsində əldə etdiyimiz uğurların ən böyük səbəbi isə Azərbaycanda bu sahəyə dövlət tərəfindən göstərilən diqqətdir».
   
   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar