Rejissor Teymur Qəmbərovun “İki gün” qısametrajlı filmi 54-cü Tampere Film Festivalının (Finlandiya) beynəlxalq müsabiqə proqramına daxil edilib.
Martın 6-dan 10-dək keçiriləcək festivalda beynəlxalq müsabiqə proqramına 48 ölkədən 64 film seçilib.
“Debüt Film” studiyasında çəkilən film 44 günlük Vətən müharibəsi zamanı kiçik bir ailənin həyatından bəhs edir. Mələk Bayramlı və Təranə Vəliyevanın rol aldığı filmin prodüserləri Orxan Abbasov və Lika Gavrişdir. Filmin musiqisi rejissorun atası, tanınmış cazmen, pianoçu, bəstəkar, Xalq artisti Salman Qəmbərova məxsusdur.
Bəstəkar bir müsahibəsində demişdi: “Son iki işim oğlum Teymur Qəmbərovun çəkdiyi “Quxuroba” və “İki gün” qısametrajlı filmləridir. Bu, asan kino dili deyil. Oğlum məndən bu filmlərə musiqi bəstələməyimi istədi. Sevinirəm ki, onun ilk filmi olan “Quxuroba” bir sıra beynəlxalq mükafatlara, o cümlədən Sarayevo kinofestivalının mükafatına layiq görülüb”.
Xatırladaq ki, “İki gün” filmi 2021-ci ildə Mədəniyyət Nazirliyinin elan etdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib işlərindəndir.
Lalə