Qarşıda Azərbaycan naminə yeni hədəflər və imzası atılacaq çox nailiyyətlər var
Müstəqillik tariximizdə ilk dəfə dövlətimizin suverenliyinin tam bərqərar olunduğu bütün ərazisini əhatə edən seçki uğurla gerçəkləşdi. 7 fevralda keçirilən növbədənkənar prezident seçkiləri Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfərin və 2023-cü ildə son nidası qoyulan suverenlik mücadiləsinin təntənəsi kimi müstəsna əhəmiyyət kəsb edirdi.
Bu seçkilər, əslində, tarixi Zəfərimizin memarına, Prezident postunda Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı andını ləyaqətlə yerinə yetirmiş İlham Əliyevə ümumxalq etimadının parlaq nümayişi olmalı idi və oldu.
7 fevral seçkilərinin ən əlamətdar və müstəsna simvolu da müzəffər liderin məhz Xankəndi şəhərində, 35 il Azərbaycan dövlətinə meydan oxunmuş o məkanda səs verməsi idi. 2023-cü ilin 15 oktyabrında Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldan İlham Əliyev Zəfər seçkisində öz imzasını da burada atdı...
Seçkinin rəqəmlərlə ifadə olunan nəticələri isə, əslində, bu tarixi gerçəyin fonunda, sadəcə, statistika, necə deyərlər, təfərrüatdır.
Fevralın 8-də Mərkəzi Seçki Komissiyasında növbədənkənar prezident seçkilərinin ilkin nəticələri elan olunub. Həmin nəticələrə görə, İlham Əliyev seçicilərin 92,05 faizinin səsini (4 milyon 281 min 625 səs) qazanaraq qalib olub. Digər 6 namizəd isə, ümumilikdə, 8 faizdən də az səs toplayıb.
Müvafiq prosedura görə, MSK bundan sonra daxil olan sənədləri araşdırıb iclasına çıxaracaq və səsvermənin nəticələri ilə bağlı yekun protokolu təsdiqləyəcək. MSK səviyyəsində seçkilərə yekun vurulandan sonra protokol təsdiq üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.
Konstitusiya Məhkəməsi də, öz növbəsində, MSK-nın təqdim etdiyi sənədləri araşdırıb qərar qəbul edəcək. Konstitusiya Məhkəməsinin qərarından sonra lider namizəd seçilmiş hesab olunur və andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başlayacaq.
Qeyd edək ki, bu, İlham Əliyevin 2003-cü ildən bəri prezident seçkilərində beşinci qələbəsidir. Budəfəki inamlı, yüksək ümumxalq dəstəyi ilə ifadə olunan qələbədən sonra isə Azərbaycanın qarşısında yeni tarixi mərhələ, inkişaf yolu açılır.
Bu barədə Prezident İlham Əliyev ilin əvvəlində, yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdi: “Bu gün ölkə qarşısında duran vəzifələr yeni dövrün vəzifələridir. Biz əsas vəzifəni həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcıdır və prezident seçkiləri bu yeni dövrə də xeyir-dua verəcəkdir. Yeni dövrə köhnə hədəflərlə gedə bilmərik...”.
Bəli, qarşıda Azərbaycanın qüdrətini daha da artırmaq, gücünə güc qatmaq, xalqın rifah və firavanlığını daha da yüksəltmək üçün yeni üfüqlər, yeni hədəflər və hələ imzası atılmalı çox nailiyyətlər var...
Vüqar Orxan