AMEA Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyevin Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr etdiyi “Möhtəşəm minilliklərin şanlı 100 ili” adlı yeni kitabı nəşr olunub.
Kitab Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, Naxçıvan MR Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsinin təmin edilməsi haqqında” sərəncamları və NMR-in 100 illik yubileyinə dair Tədbirlər Planının mətni ilə başlayır.
Kitabda Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Naxçıvanın muxtariyyət statusu və NMR-in yaradılması haqqında söylədikləri fikirlər oxuculara təqdim olunur.
Moskva və Qars beynəlxalq müqavilələrində Naxçıvanla bağlı maddə və əlavələri, muxtar respublikanın yaradılması haqqında Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 9 fevral 2024-cü il tarixli qərarını kitaba daxil edən müəllif burada Rusiyada Fevral inqilabından sonra baş verən hadisələrin Cənubi Qafqaza təsirlərini müstəqil Azərbaycan, Gürcüstan və Ermənistan (Ararat) respublikalarının yarandığı dövrədək təhlil edir.
Nəşrdə həmçinin türk hərbi heyətinin Naxçıvana gəlməsindən, yeni idarəetmə sisteminin yaradılmasından, Araz-Türk Cümhuriyyətinin fəaliyyətindən, ingilis və ABŞ hərbi qüvvələrinin Naxçıvana gəlməsi və yürütdükləri ikili siyasətdən, habelə Azərbaycan Xalq Cümhuriyyəti ilə əlaqələrin möhkəmləndirilməsindən bəhs olunur.
“Naxçıvanda hərbi-siyasi vəziyyət və diyarın sovetləşməsi”, “Sovet Rusiyasının ikili siyasəti”, “Gümrü müqaviləsi və Naxçıvan”, “Naxçıvan hadisələri”, “Moskva müqaviləsi və Naxçıvan”, “Qars müqaviləsi və Naxçıvan”, “Naxçıvanın inzibati idarəçilik sistemindəki dəyişikliklər”, “Naxçıvan Muxtar Respublikasının yaradılması”, “Ermənilərin beynəlxalq Moskva və Qars müqavilələrini ləğv etmək və Naxçıvana yiyələnmək cəhdləri”, “Muxtariyyətin və müstəqilliyin bəhrələri”, “Böyük yolun davamı” adlı bölmələrdə Naxçıvan diyarının ictimai-siyasi vəziyyəti, ermənilərin Naxçıvana qarşı ərazi iddiaları, Moskva və Qars beynəlxalq müqavilələri, NMR-in yaradılması və keçdiyi tarixi inkişaf yolu təqdim olunur.
Kitabın “Əlavələr” adlanan hissəsinə tarixi şəxsiyyətlərin, böyük tarixi önəm daşıyan yer və hadisələrin, o cümlədən muxtar respublikanın bugünkü inkişafının əks olunduğu fotoşəkillər daxil edilib.