Fevralın 9-da Azərbaycan Hərb Tarixi Muzeyində Naxçıvan MR-in yaradılmasının 100 illiyinə həsr olunmuş "Qars müqaviləsindən Naxçıvan dəhlizinə və dünyaya" adlı elmi seminar keçirilib.
Müdafiə Nazirliyinin idarə və müəssisələrinin, veteran təşkilatları nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə deyib ki, 1921-ci ildə Türkiyə ilə sovet Rusiyası arasında Cənubi Qafqazda sərhədlərə dair imzalanan Moskva müqaviləsinə əsasən, Naxçıvan vilayəti bu müqavilənin əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi kimi təsbit edilib. Həmin müqavilədə Naxçıvanın statusunda üç mühüm məsələ yer alıb: Naxçıvana muxtariyyət statusunun verilməsi, Naxçıvanın Azərbaycanın himayəsi altında olması və Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməməsi.
Elmi seminarda muzeyin baş elmi işçisi tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılovun çıxışı dinlənilib.
Sonra NMR-in yaradılması və inkişafına həsr olunmuş qısametrajlı sənədli film nümayiş etdirilib.
Tədbirin bədii hissəsində hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.