Ramil Səfərov macar klassiki Ferens Molnarın romanını dilimizə tərcümə edib
  
   Azərbaycan bayrağını təhqir etmiş erməni hərbçisini qətlə yetirdiyinə görə Budapeştdə ömürlük həbs cəzası çəkən Azərbaycan ordusunun zabiti Ramil Səfərov macar ədəbiyyatının daha bir klassikinin əsərini orijinaldan ana dilimizə çevirib.
  
   Azərbaycanın Macarıstandakı səfirliyindən verilən xəbərə görə, azərbaycanlı zabit bu dəfə Ferens Molnarın (1878-1952) ən populyar əsərini - “Pal küçəsinin uşaqları” romanını tərcümə edib. Müxtəlif nəsillərdən olan macar oxucularının masaüstü kitabı sayılan, qəhrəmanlıq və vətənpərvərlik hissləri ilə zəngin olan bu kitab indiyə qədər dünya xalqlarının onlarla dilinə tərcümə olunub, onun motivləri əsasında birgə macar-Amerika bədii filmi çəkilib. Kitab yaxın vaxtlarda Bakıdakı nəşriyyatlardan birində işıq üzü görəcək.
   Xatırladaq ki, bir qədər əvvəl Ramil Səfərovun tərcüməsində macar qadın yazıçısı Maqda Sabonun (1917-2007) “Qapı” romanı Bakıda işıq üzü görüb. Bu fakt Macarıstanın ədəbi ictimaiyyətinin də diqqətindən kənarda qalmayıb. Budapeştin “Nepsava” qəzetində bu barədə məqalə ilə çıxış edən Mikloş Nad oxuculara azərbaycanlı zabitin hansı səbəblər üzündən həbsxanaya düşməsi haqda məlumat verərək yazır: “Səfərovlar ailəsinin bir çox üzvləri erməni-azərbaycanlı ərazi münaqişəsi zəminində meydana çıxan hərbi əməliyyatlar zamanı həlak olmuşlar. İfadələrində də göstərdiyi kimi, erməni kurs yoldaşı bütün bu faciəli hadisələri məsxərə obyektinə çevirmiş və onu tamamilə haldan çıxarmışdı. Ortada şərəf məsələsi vardı və Səfərov əsəblərini cilovlaya bilməmişdi”.
   Macar müəllifi “Qapı” romanının Azərbaycan nəşrinin meydana çıxmasından söz açaraq yazır: “Yad ölkədə ağır məhbəs həyatı yaşayan Ramil Səfərov öz nəcib təşəbbüsü ilə münaqişə tərəflərini yaxınlaşdırmağa, “sülh qapısı” açmağa çalışır”.