Fevralın 5-də "CinemaPlus” kinoteatrlar şəbəkəsi "Dəniz Mall"da yerləşən kinoteatrında “Əfsanə” türk komediya filminin qala-gecəsini təqdim etdi. Pandemiyadan sonra paytaxt Bakıda kino ilə bağlı qala-gecələr azlığı səbəbindən media və tamaşaçılar tədbirə böyük maraqla qatılmışdılar. Filmin nümayişindən əvvəl Bakıya dəvət olunan yaradıcı heyətin KİV nümayəndələri ilə görüşü oldu.

İlin ən iddialı komediya filminin yaradıcı heyəti bildirdi ki, ekran işi 7 min illik ənənəsi olan qatığın sirrini əyləncəli şəkildə izah edir. Filmin aktyor heyətində yer alan Ahmet Kural çox gözəl film ərsəyə gətirdiklərini dedi: “Çox şanslıyıq ki, beş-altı il sonra yenidən Bakıdayıq. Maraqlı, xoş ovqat bəxş edən film ərsəyə gətirdik. Çox ümidli və həyəcanlıyıq. İzləyicilərə mesajımız birlik, bərabərlik və ailənin önəmidir. Mövzu qatığın hazırlanmasıdır. Yeddi min illik qatığın sirri əyləncəli şəkildə göstərilir”.

Filmdə baş rolu canlandıran Cəmilə Canyurt Bakıda çox gözəl qarşılanmalarından məmnunluğunu dilə gətirdi: "İnanıram ki, həyəcan dolu, əyləncəli, ən əsası, ailəliklə izləniləcək bu filmi bəyənəcəksiniz”.

Aktrisa Tuana Tezsoy filmin komediya janrında olması və məhz belə bir filmə rejissorun onu dəvət etməsindən çox şad olduğunu dedi. Sevdiyi dostları ilə Bakıda qala-gecəyə dəvət olunmalarını xüsusi diqqət kimi dəyərləndirdi.

Daha sonra türkiyəli qonaqlar qırmızı xalıdan keçib tamaşaçılarla şəkil çəkdirdilər.

Filmin mövzusu isə belədir: Çorumda yaşayan Sadık və ailəsi minilliklərdən bəri ailə ənənəsi olaraq qatıq hazırlayır və bu qatıqlar dadı və müalicəvi xüsusiyyətləri ilə tanınır. Əfsanəvi qatığın sirrini isə ailənin böyüyü Dədə saxlayır və özü hazırlayır. Amma yay günü babanın evinin damına qar yağması hər şeyi dəyişir. İnanclara əsasən, əgər yayda qar yağarsa, bu möcüzəvi qatığın sirri Dədə tərəfindən ailənin başqa üzvü ilə paylaşılmalıdır. Hər kəs bu əhəmiyyətli sirrə vaqif olmaq istəyir. Bütün komediya da bundan sonra başlayır...

Rejissoru və ssenari müəllifi Selçuk Aydemir olan filmdə baş rolları Ahmet Kural, Cengiz Bozkurt və Cəmilə Canyurt canlandırıblar.