Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ilk prezidenti, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Mirəsədulla Mirqasımovun biblioqrafik göstəricisi çapdan çıxıb. AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən tərtib olunan göstərici ilk azərbaycanlı alim-cərrah Mirəsədulla Mirqasımovun anadan olmasının140 illiyinə həsr olunub.

Bu barədə MEK-dən məlumat verilib. Bildirilib ki, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında çıxmış biblioqrafik göstəriciyə dünyaşöhrətli alimin həyat və fəaliyyətinin əsas tarixləri, elmi-pedaqoji və ictimai fəaliyyəti haqqında oçerk, görkəmli elm xadimlərinin alim haqqında fikirləri, habelə kitabları və elmi məqalələri daxil edilib.

Nəşrin elmi redaktoru AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktorları akademik İradə Hüseynova, professor Məmməd Əliyev, ixtisas redaktoru Nərgiz Novruzova, tərtibçilər Aygün Əliyeva, dosent Tubuxanım Qasımova, dosent Afiq Məmmədov, Aytən Ağayeva, Sayat Mustafayevadır.

Biblioqrafik göstərici tibb elmi sahəsində çalışan alim və mütəxəssislər, habelə ali məktəblərin müəllim və tələbələri, geniş oxucu kütləsi üçün nəzərdə tutulub.