Seçkilərin protokolu müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim ediləcək...

Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda fevralın 7-də keçirilənprezident seçkilərinin yekun nəticələrini elan edib.

Dövlət başçısı İlham Əliyev seçkilərdə səslərin 92,12 faizini (4 milyon 567 min 458 səs) toplayaraq qələbə qazanıb.

Bu barədə fevralın 11-də MSK-nın iclasında məlumat verilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, 125 seçki dairəsi üzrə seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün addımlar atılıb.

Eyni zamanda MSK sədrinin müavini Rövzət Qasımov diqqətə çatdırıb ki, daxil olmuş bütün protokollar, internet resurslarında yayımlanan bütün informasiyalar araşdırılıb. Aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkarlanıb.

Bununla bağlı, 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı, 115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib və həmin seçki məntəqələrinin komissiyaları buraxılıb.

Daha sonra seçkilərin yekun nəticələri açıqlanıb:  

Əliyev İlham Heydər oğlu – 4 milyon 567 min 458 səs (92,12 faiz)

Oruc Zahid Məhərrəm oğlu – 107 min 632 səs (2,17 faiz).

Mustafa Fazil Qəzənfər oğlu – 98 min 421 səs (1,99 faiz)

Həsənquliyev Qüdrət Müzəffər oğlu – 85 min 411 səs (1,72 faiz)

Nurullayev Razi Qulaməli oğlu – 39 min 643 (0,80 faiz)

Musayev Elşad Nəbi oğlu – 32 min 885 səs (0,66 faiz)

Əliyev Fuad Ağası oğlu – 26 min 517 səs (0,54 faiz)

 

Növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub.

***

Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrinə dair protokolu təsdiqləyib. Seçkilərin nəticələrinə dair protokolun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi barədə qərar qəbul edilib.

Mövcud qanunvericiliyə əsasən, Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası prezidenti seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir.

Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı qərarından sonra, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.