Gənclər üçün mədəni irs turu təşkil olunacaq
“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Gənclərə tanıtım - Qafqaz İslam Ordusu yolu" adlı mədəni irs turu təşkil edir. Birliyin sədri Fariz Xəlillinin bildirdiyinə görə, sentyabrın 12-13-də keçirilməsi nəzərdə tutulan tur Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 95 illiyinə həsr olunur.
“1918-ci il sentyabrın 15-də erməni-bolşevik işğalı altında olan Bakı və ətraf bölgələrin Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsi tariximizin şanlı səhifəsidir. Mədəni irs turunun iştirakçıları Qafqaz İslam Ordusunun formalaşması, Nuru Paşanın rəhbərliyi altında Gəncədən Bakıya qədər Azərbaycanın erməni və bolşevik işğalından azad edilməsi uğrunda apardığı döyüşlər haqqında söhbətləri dinləyəcəklər”, - deyə birliyin sədri bildirib.
İki günlük tur Gəncə-Göyçay-Ağsu-Şamaxı-Hökməli-Güzdək-Bakı (Şəhidlər xiyabanı) marşrutu üzrə gerçəkləşəcək. Tur iştirakçıları Qafqaz İslam Ordusunun keçdiyi şərəfli döyüş yolunu izləyəcək, eyni zamanda marşrut üzərində Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi ilə tanış olacaqlar.
Ceyhun