Çin Xalq Respublikasının “Voyage” jurnalı Azərbaycanı “2023-cü il üzrə Mədəniyyət destinasiyası” mükafatına layiq görüb. Dövlət Turizm Agentliyindən bildirilib ki, mükafatlandırma mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tutduğu mövqe və nüfuzu xüsusi qeyd olunub.

Tədbir zamanı UNESCO-nun Dünya İrs Siyahısında yer alan Şirvanşahlar sarayı və Qız qalası ilə birgə İçərişəhər, Qobustan qayaüstü incəsənəti mədəni landşaftı, Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, “Xınalıq və Köç yolu” mədəni landşaftı kimi tarixi irs əraziləri haqqında geniş məlumat da tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sözügedən məkanlar haqqında məlumat Azərbaycan Turizm Bürosunun təşəbbüsü ilə “Voyage” jurnalının “Weibo” sosial platformasındakı səhifəsində dərc olunaraq milyonlarla səyahətçiyə Azərbaycanın tarixi və mədəniyyəti ilə tanış olmaq imkanı yaradıb. Bununla yanaşı, səhifədə “#VoyageAwards” həştaqı ilə həyata keçirilən təbliğat kampaniyası müddətində (11 milyona yaxın baxış) Azərbaycan cəlbedici destinasiya olaraq nümayiş etdirilib.

Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Voyage” jurnalı tərəfindən “Dayanıqlılıq mükafatları 2022 – Mədəni irsin mühafizəsi” nominasiyası üzrə qalib elan olunub.