Fevralın 12-də Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirliyin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə edilmiş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.
Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə edildiyi vurğulanıb.
Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq bu qəbildən bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə edildiyi bildirilib.
“Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu diqqətə çatdırılıb.
Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə onun bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır.
Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir.
Həmçinin Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib.