Ötən il görkəmli rus bəstəkarı Sergey Raxmaninovun (1873–1943) 150 illik yubileyi ölkəmizdə də geniş qeyd olundu. Yubiley tədbirləri bu il də davam edir.
Fevralın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında bəstəkara həsr olunmuş konsert keçiriləcək.
Bəstəkarın əsərlərinin yer aldığı konsert proqramında İslama Abdullayeva (soprano) və Fəqan Həsənli (piano) öz ifalarını musiqisevərlərə təqdim edəcəklər.
Qeyd edək ki, peşəkar klassik musiqi təhsilli İslama Abdullayeva, əsasən, klassik musiqi janrında, yerli və xarici bəstəkarların əsərlərinin ifaçısı kimi tanınır. Onun yaradıcılığında “Azerbaijani music” (2020), “Stabat Mater” (2024), M.Müşfiqin şeirlərinə yazılmış musiqili kompozisiyalardan ibarət “1109” (2022) adlı albomlar xüsusi yer tutur. İ.Abdullayeva Azərbaycanda ilk dəfə 2018-ci ildə səhnələşdirilən italyan bəstəkar Vinsenzo Bellininin “Norma” operasında böyük uğurla Klotilda rolunu ifa edib.
Fəqan Həsənli Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Piano fakültəsini professor Tərlan Seyidovun sinfində bitirib. Ölkəmizdə və xaricdə keçirilən müsabiqələrdə uğur qazanıb. Müxtəlif illərdə ABŞ, Rusiya, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Estoniya, Bolqarıstan və digər ölkələrdə müsabiqə, festival və konfranslarda həm solist, həm də konsertmeyster kimi çıxış edib.