Əmman şəhəri İordaniyanın paytaxtına gələn qonaqların vaxtlarını maraqlı keçirmələrinə kömək edən çoxsaylı muzeyləri ilə öyünə bilər.
Belə muzeylərdən biri “Kral Hüseyn Parkı”ndakı Kral Avtomobil Muzeyidir. Qısa vaxtda böyük məşhurluq qazanmış muzey 1998-ci ildə - dəbdəbəli avtomobillərin həvəskarı və kolleksiyaçısı kral Hüseynin vəfatından sonra açılıb.
Muzeydə İordaniyada Haşimilər sülaləsi hakimiyyətinin 1920-ci illərin əvvəllərindən bu günədək olan dövrü haqqında məlumat verilir. Ekspozisiya ziyarətçilərə krallığın tarixinə - sülalənin əsasını qoymuş kral I Abdullanın dövründən başlamış hazırkı kral II Abdullanın dövrünədək tarixə burada nümayiş olunan avtomobillərin prizmasından yenidən nəzər salmağa imkan yaradır.
Muzeydə 1952-ci ilə aid, kral Hüseynin İngiltərədə təhsil aldığı dövrdə və 1953-cü ildə özünün tacqoyma mərasimi zamanı istifadə etdiyi “Linkoln kapri”, 1955-ci ildə krala toy hədiyyəsi edilmiş “Kord 810”, 1955-ci ildə buraxılmış “Mercedes-Benz” idman avtomobili və digər nadir eksponatlar nümayiş olunur.