Nisə Qasımova: “Bənövşə” uşaq xorunda fəaliyyətimi ömrümün ən gözəl illərindən sayıram”
Səhnədə bir başqa idi. Gözəl, zərif, cazibədar, dinamik və səmimi. İndi o zamanın lent yazılarına baxanda bu qədər sevilməsinin səbəblərini axtarır və saydığım səbəblərdən daha çox biri üzərində dayanıram: səmimiyyət. Bəli, o, dövrünün musiqi sənətinə, ifaçılıq sahəsinə münasibətini, onunla eyni zamanda səhnədə olanlardan fərqini səmimiyyəti ilə göstərdi. Sözsüz ki, tamaşaçı da bunu duydu və beləcə, o, xalqın sevimlisi olmağı bacardı.
İndi inanılması çətin olsa da, yaşının 70-ci dayanacağındadır bu sarısaçlı, mavigözlü Azərbaycan qızı. Özü də bütün yaşantılarına, itki və ağrılarına rəğmən yenə nikbin, sevgi və səmimiyyət dolu. Bu mənada, “İnsan 7-sində nədirsə, 70-ində də odur” deyimi yerindəymiş. Deyə bilmərəm, o, yeddisində necə olub, amma 70-ində çox məhrəm və dürüstdür.
Həmsöhbətimiz Xalq artisti, sevilən saysız mahnıların mahir ifaçısı, yaddaşımızda “Azərbaycan qızıyam” olaraq qalan, bu yaşında da gənclik eşqi sönməyən Nisə Qasımovadır.
– Səhnəyə gəldiyiniz ilk vaxtdan özünəməxsusluğunuzu qorumağı bacardınız. Asan olmaz yəqin ki...
– Öncə bütün oxucularınızı salamlayıram. Allah bu görüşümüzü gözəlliklərə bağlasın. O ki qaldı sualınıza – mənəvi kimliyimi, sənətimin mövqeyini saxlamaq haqqında çox düşünmüşəm. Bunların hamısı ailədən qaynaqlanır. Demək, gördüyüm tərbiyədən asılıdır. İnsan bir mövqedə, bir istiqamətdə olar. Hər hansı bir işi görürsə, onu sonadək çatdırmağı bacarmalıdır. Mənim böyüklərim, valideynlərim də həmişə bir əqidədə olublar. Onu da deyim ki, mən gənc yaşlarında (gülür və fikrini yarımçıq saxlayır)... Elə düşünülməsin ki, mən bu günləri ahıl kimi danışıram. Əslinə baxanda, bu Nisə Qasımova hələ də özünü tam böyümüş, yetərincə inkişaf etmiş sanmır. Səbəblərini sonra deyəcəm. Nə yaxşı, mən hələ tam-tamına böyüməmişəm, o saflığı saxlamağa çalışmışam.
– Yəqin sizə olan böyük sevginin kökündə də elə bu durur. İndi çoxları saflığı oynayır, bir obraza çevirir. Amma xalqın gözü tərəzidir.
– Allah məni yaşıma, həyat tərzimə, yaşadıqlarıma görə həm də müdrikləşdirib. Uzaqgörənlikdən, təmkinli olmaqdan məhrum etməyib.
– Həyat zaman-zaman zatən hamımızı sınağa çəkir. Amma, deyəsən, sizi daha çox incidib. Ötən bu illər keçmişi unutmaq üçün yetərli deyil?
– Mən sənətə çox böyük həvəslə gəlmişdim. Riyakarlıqdan, xəbislikdən uzaq. Heç ağlıma belə gəlməzdi ki, sənət yolum belə ağır olacaq. Əgər bilsəydim, inanın, bu sənətə gəlməzdim, müğənni olmazdım. Qətiyyən! Çünki indi bir çoxları şou-bizneslə populyar olurlar.
– Sizcə, bu populyarlıq vacibdir?
– Baxır kimin üçün. Əsas odur ki, sevilmir, sadəcə, populyar olurlar. Bunlar başqa-başqa şeylərdir. Təəssüf ki, populyarlığa meyil sayəsində onların ardınca özləri kimiləri gəlir və böyük bir qaranlıq yaranır. Amma bizim dövrümüzdə, bizim mühitdə belə deyildi. O illərdə əgər rəqabət vardısa da, əsasən, sağlam zəmində idi. Ya da mənə elə gəlirdi...
– Məsələn, o illərdə sağlam rəqabət necə idi?
– “Adam da bir-birinə rəqib olar?” deyə düşünürdüm. Ya da hərənin öz yolu olduğunu deyirdim. Doğrudan da, hər kəsin öz səsi, öz sənəti, öz ifa üslubu vardı. Amma “sağlam rəqabət” sözünü belə qəbul eləmirdim. Rəqabət rəqabətdir. Sağlam, ya qeyri-sağlam. İnanın, rəqabət nədir, heç onu belə bilməzdim. Amma illər keçdikcə gördüm ki, bəli, sağlam rəqabət yaxşıdır. Gərək rəqibin düşmənçiliyə əl atmaya. İndi isə necədir? Beş gün dost olurlar, sonra da qatı düşmən. Yenə deyirəm, bilsəydim müğənni olmaz, özümü tam başqa peşədə sınayardım. Mən dolça bürcüyəm axı. Bu bürc altında doğulanlar istedadlı, bacarıqlı olurlar. Əminəm ki, hansı sahədə olsam, seçilərdim.
– Vaxtilə “Bənövşə” uşaq xorunda “Günəş adlı yaxın dostum var mənim” adlı nəğməni ifa etmisiniz. Uşaqlıqdan günəşlə “dostluq” elə odla oynamaqdır...
– (Gülür). Dinləyicilərdən bu sözləri eşitmək, xüsusən artıq uzaq görünən keçmişə boylanmaq məni elə kövrəldir ki. O illər düşdü yadıma, bir başqa oldum...
– Təəssüf ki, musiqi sənətimizə neçə-neçə sənətkarlar bəxş edən o kollektiv artıq yoxdur. Amma yenə də gəlin, o illərə qayıdaq.
– Mən də çox təəssüf edirəm. Elə güclü bir kollektivin dağılması məni incidir. O xorda fəaliyyətim məktəb illərinə təsadüf edir. Həmin dövrü də ömrümün ən gözəl illərindən sayıram. Orada solist kimi fəaliyyət göstərməyə çox utanırdım. Halbuki, mərhum Əfsər Cavanşirov mənim səsimi xor oxuyan zaman kəşf etdi və məni solist seçdi. O mahnı lentə alınan zaman bərk xəstələnmişdim. Xəstə vəziyyətimlə oxusam da, maraqlı alındı. Kaş bir anlıq da olsa, həmin illərə dönmək imkanım ola... Əslində, çox utancaq idim. Demirəm ki, nədənsə çəkinəcəyim vardı. Yox, sadəcə, özümü gözə soxmağı, layiq olduğum halda ön planda olmağı istəməmişəm. Elə indinin özündə də...
– İndi buna görə özünüzü qınamırsınız ki?
– Düşünürəm ki, düz eləmişəm. Çünki insan gərək öz mənəvi kimliyini yaşasın.
– Gəncliyinizdə fərqli səs imkanları və o zaman üçün yenilik olan dinamik səhnə rəqsləri ilə diqqəti cəlb edirdiniz. Halbuki həmin dövrdə televiziyanın öz ölçü-biçisi vardı. Bu mənada, hər hansı maneə olurdumu?
– Uşaqlıqdan rəqsə böyük marağım vardı. Bacımla Y.Qaqarin adına Pionerlər evinə (indiki T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı – red.) rəqsə gedirdim. Rəhmətlik Böyükağa Məmmədovun sinfinə. Sonra gördüm ki, oxumaq mənim üçün daha əsasdır və müğənniliyi davam etdirdim. O vaxt hesab edirdim ki, hər mahnı bir obrazdır, bir həyati hekayətdir. İfa zamanı bədən, əl-ayaq, üz-göz mahnının obrazını təqdim edir. O zamanlar deyirdilər ki, Nisə ifası ilə zərif bir plastika gətirdi. Nə gizlədim, bu fikir çox xoşuma gəlirdi. Düzdür, onda da oxu zamanı hərəkət edən müğənnilərimiz vardı. Amma mən seçilirdim. Sarı saçlarıma, mavi gözlərimə görə Tiflis konsertimdən sonra mənə “alman gəlinciyi” deməyə başladılar. Bu bənzətmə o zaman mənə qəribə gəlirdi. Sonra güzgüdə özümə baxır, özündənrazı adamlar kimi sevinirdim. Neyliyim, uşaq idim də (gülür). Buna baxmayaraq, mən daxilən gəlincik yox, yaşından irəli getmiş insan idim, sağlam düşüncələrim vardı. Amma qol-qanadımı tez qırdılar. Təəssüflər olsun ki, indi də onu açıqlaya bilmirəm.
– Yəqin, səbəb qovluğunuz qabarıqdır...
– Çox. Tez-tez zərbələrə tuş gəlirdim. Psixoloji qadağalar, hətta tapşırıqlı maneələr olurdu deyə həqiqi potensialımı nümayiş etdirə bilmədim.
– Məgər indi də qadağalar var?
– Təbii ki, bu gün də gec deyil, insan səhnədədirsə öz bilik və istedadını göstərə bilər. Zatən göstərirəm də. Amma yaşantılarım artıq canıma bir virus kimi yerləşib. Bu da bir taledir və mən qismətə inanıb şükür etməyi bacarıram. Bizim ailəmiz – uşaqlarım da, nəvələrim də Allaha bağlı insanlarıq. Rəbbim bizə nə öyrədir – səbri və şükrü. İnsan özünün mövcud imkanlarına, bir də ətrafındakı imkansızlara baxıb qane olmalıdır. Bu təcrübələrdən keçəndən sonra, həqiqətən də, Allahın mükafatını gördüm.
– Nə idi bu mükafat?
– Məni sevənlərin səmimiyyətini, təbii və saf sevgisini gördüm. Bu, Yaradanın mənə bəxş etdiyi ömürlük sevincdir. Yaxşı ki, mən bir çoxlarının həyatını təkrar etmədim. Çox çətinliklərim olub və hamısı da dörd divarın içində qalıb. Bunu yalnız ən yaxın adamlarım bilib.
– Tamaşaçı “alman gəlinciyi”nin “Azərbaycan qızıyam”ını daha çox sevdi...
– Bu klip çəkiləndə həmin geyimdə çıxmağıma icazə vermirdilər. Sovet dönəmi idi də, dedilər kostyumda, ya da ağ köynək, qara ətəkdə olmalısan, yəni ciddi görkəmdə. Razılaşmadım, iki ayağımı bir başmağa dirədim ki, mən filan geyimdə olmaq istəyirəm. O zaman da məndə kreativ düşüncələr vardı. Yadımdadır, televiziyadakı bu məsələlərə məsul insana dedim ki, necə olur, Azərbaycan qızı kolxozçu, zəhmətkeş olub medallar ala bilər, xanım-xatın, zərif geyimdə görünə bilməz? İsrarla o geyimdə çıxıb qürurla “Azərbaycan qızıyam” mahnısını oxudum. Beləcə, məni yetişdirən, bu görkəmdə, vücudda qəbul edən torpağıma, vətənimə minnətdarlığımı bildirdim. Nə xoş ki, səsimlə yayımlanan bu mahnı illərlə mənə olan sevgini azaltmadı.
– Yaradıcılığınızdan “Bayatı-Şiraz” muğamı da keçib. Səhv etmirəmsə, televiziyanın “qızıl fondu”na da daxil edilib. Niyə paralel davam etmədiniz, mahnı janrında qaldınız?
– O vaxt çox istəyirdim ki, muğam və estradanı paralel davam etdirim. Baxın, bu gün bu iki istiqaməti birgə təqdim edən müğənnilərimiz var və sevilirlər. Müasir ritmlər, az sözlərdən ibarət mahnılar da var ki, muğam ifaçıları maraqla oxuyurlar. Bu mənada, Almaxanım Əhmədli daha çox seçilir. O, muğam, xalq, bəstəkar mahnıları ilə yanaşı, müasir tamaşaçıların zövqünə uyğun musiqilər də ifa edir. Belə adlar çoxdur. Mən də o dövrdə zamana görə həm muğamlar, təsniflər və eyni zamanda xarici ölkə bəstəkarlarının mahnılarını oxuyurdum. Amma məni o qədər “sındırdılar” ki. Yadımdadır, səsyazmada oxuduğum təsnifləri, mahnıların ortasındakı muğam parçalarını efirə vermir, hətta lent yazılarımı yoxa çıxarırdılar. Konsertlərimi, televiziya çıxışlarımı elə saatlara salırdılar ki, xəbərlər proqramına görə çox vaxt yarımçıq kəsilirdi. Çünki bu da məxsusi tapşırıq idi. Sadaladığım hallar mənə çox pis təsir edirdi. Amma yenə əyilmədim. Bu mənim xarakterimdə yoxdur. Odur ki, onda da, indi də yalnız irəli!
– Amma Moskvada da bir neçə mahnınız lentə yazıldı. Bu o dövr üçün uğur idi?
– Bəli, həmin illərdə SSRİ Dövlət Elektromusiqi Orkestrinin rəhbəri Vyaçeslav Mişşerinin dəvəti ilə Moskvaya getdim. Həmin orkestrlə birgə “Gül bir az”, “Gözləyəcəyəm”, “Leyla”, “Yadındamı”, “Eşqimi sönməyə qoymaram” kimi mahnılardan ibarət albomum lentə alındı, haqqımda məqalələr yazıldı. Çıxışım məşhur nəğməkar şair Nikolay Zinovyevin də gözündən yayınmadı, haqqımda xoş sözlər dedi.
– Siz “Leyli və Məcnun”un sənət həyatından da “ötəri keçmisiniz”. Yəqin, o dövrün populyar Leyliləri rəqib istəmirdilər...
– Muğam operasının televiziya versiyasında müəyyən hissələri oxumuşdum. Tərəf-müqabilim də rəhmətlik Məmmədbağır Bağırzadə idi. Həmin dövrdə rejissor Mehdi Məmmədovun da diqqətini cəlb etdim, operanın yeni Leylisi kimi təklif də aldım. Amma məlum və naməlum səbəblərdən bu iş də baş tutmadı... Yenə keçmişə getdim və müəyyən xoş olmayan anları yenidən xatırlamış oldum. Müğənniyə oxumaq, yaxşı performans üçün ruh yüksəkliyi lazımdır. Onda arxayınlıq, rahatlıq təmin olunmalıdır. Amma mənim əlimdən artıq o gücü almışdılar. Bütün bunlara görə dəfələrlə xəstələndim, sonda da insult oldum. Düzdür, mən bunları hamıdan gizlədirdim. Amma çox yoruldum. İndi nisbətən rahatam, həm də sevincli. Çox şükür, qalib, azad, ərazi bütövlüyü təmin olunmuş ölkədə yaşayıram. Belə dövranda sənətdə olmaq, yaşamaq gözəldir. İnanın, bu da mənə yaşadıqlarımı unutdurmur.
– Nisə xanım yubiley yaşını necə keçirir, indi nə edir?
– Çalışıram ki, sağlamlığımı tam bərpa edim. Yeni neçə-neçə mahnılar təqdim olunub. Amma mən onlara məyus halda baxıram. Çünki oxuya bilmirəm hələ. O mahnıları gərək könüldən, candan ifa edim ki, ruhum, sevgim, duyğularım insanlara olduğu kimi çatsın. Axı mən oxuduğum hər bir mahnı ilə yaşayıram. Çalışıram tez sağalım və onları sevə-sevə oxuyum.
– Yaş ötdükcə insan qazandıqları ilə itirdikləri arasında hesabat aparır. Amma sənət adamlarında bu hal başqa cür yaşanır: məsələn, sənətdə qalmağın səadəti hər hissə qalib gəlir.
– İncəsənət adamı, istedad və qabiliyyəti varsa, sənətin istənilən istiqamətində hər zaman tanına bilər. Bilirəm ki, mənim içimdə bir müğənni, bir aktrisa, bir ana, bir nənə yenə də var. Ən əsası, dünyanın bütün övladlarını sevə biləcək məhəbbətdə ifaçı.
– Sizin yaradıcılıq uğurlarınızda bəstəkar Ələkbər Tağıyevin böyük rolu var. Bu il həm də onun 100 illiyidir. Zamanın pəncərəsindən baxanda onu necə xatırlayırsınız?
– Ələkbər müəllim çox böyük istedad sahibi idi. O təkcə bəstəkar yox, həm də dəyərli şəxsiyyət idi. Onun şairlik, bəstəkarlıq, ən əsası da müğənni yetişdirmək üçün böyük gücü vardı. O zamanlar prodüserlər, menecerlər yox idi. Bəstəkarlar mahnıları yazır, hansı müğənniyə uyğundursa, ona verirdilər. Amma Ələkbər Tağıyev müğənni yetişdirir, onu qoruyur və yüksək tuturdu. Çox təəssüf edirəm ki, yetişdirdiyi müğənnilərin bir çoxu bu günədək onun adını dillərinə gətirmirlər. Halbuki, bu gün mənəm-mənəm deyən müğənnilərin çoxu Ələkbər Tağıyevə minnətdar olmalıdır. Allah ona rəhmət eləsin.
– Dinləyicilərinizin hər ovqatına uyğun neçə-neçə mahnılar ifa etmisiniz. İndi daha çox hansı mahnılarınızı zümzümə edirsiniz və hazırda ruhunuz hansı laddadır?
– Səsimdən çox narazı və nigaranam deyə heç nə ifa etmirəm. Yeri gəlmişkən, həkimim, loqoped-defektoloq Esmira Qafarova olmasaydı, bəlkə heç danışa da bilməzdim. Onun sayəsində sağaldım. İndi də müalicəm davam edir. Səbirlə oxuyacağım zamanı gözləyirəm...
Söhbətləşdi: Həmidə Nizamiqızı