AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Farsdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi Aynurə Məmmədovanın “Məhəmməd Xəlifə Aciz “Divan”ının leksikası” monoqrafiyası işıq üzü görüb.
İnstitutdan bildirilib ki, monoqrafiyada ilk dəfə olaraq XIX əsrdə Cənubi Azərbaycanda yaşayıb-yaratmış görkəmli söz ustadı Məhəmməd Xəlifə Acizin “Divan”ının leksik tərkibi, tematik, leksik-semantik söz qrupları araşdırılıb. Elmi-nəzəri dilçiliyin tədqiqinə həsr edilmiş bu monoqrafiyadan tədris proqramlarının, dərslik və dərs vəsaitlərinin hazırlanmasında yararlanmaq olar.
Yeni nəşrin elmi redaktoru Farsdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Nəsib Göyüşov, rəyçiləri akademik Möhsün Nağısoylu və böyük elmi işçi Mustafa Əliyevdir.