Niderlandda qanunla mümkündür
1977–1982-ci illərdə Niderlandın Baş naziri olmuş Dris van Aqt (Dries van Agt) və həyat yoldaşı Evgeniya (Eugenie) evtanaziya yolu ilə həyatlarına son qoyublar.
Bu barədə məlumatda bildirilir ki, hər ikisi 93 yaşında olan cütlük əl-ələ tutaraq birlikdə həyata əlvida deyiblər. Katolik olan, lakin liberal baxışları ilə tanınan Van Aqt və həyat yoldaşı 70 ildir evli idilər.
Hər ikisi xəstə olan cütlüyün ölümlə ayrılmamaq və həyatdan birlikdə getmək üçün evtanaziyaya üstünlük verdikləri bildirilir. Van Aqt 2019-cu ildə beyin qanaması keçirmişdi.
Qeyd edək ki, son vaxtlar Niderlandda birlikdə evtanaziya edən cütlüklərin sayı artıb. 2022-ci ildə 58 cüt birlikdə ölmək üçün bu üsulu seçib. Həmin il ölkədə evtanaziya yolu ilə həyatına son qoyanların ümumi sayı isə 8 min 720 nəfər olub.
Evtanaziya Niderlandda 2002-ci ildən qanunla mümkün elan olunub. Amma bunun üçün müəyyən şərtlər var. İnsan dözülməz ağrılardan əziyyət çəkirsə və sağalma şansı yoxdursa, bu addımı atmasına qanun icazə verir.