Erməni işğalı zamanı dağıdılan yaşayış yerlərindən biri də Şuşa rayonunun Turşsu kəndidir. Həm turizm potensialı, həm də əsrarəngiz təbiəti ilə seçilən kənd azadlığının ilk baharına doğru yol alıb və yenidən qurulur.
Turşsu kəndindəki işlərin layihə rəhbəri Elnur Abdullayev bildirib ki, kənd Sarıbaba silsiləsinin Kiçik Kirs dağı ətəyində dəniz səviyyəsindən 1938 metr hündürlükdə yerləşir, ümumi ərazisi 122,7 hektardır. Əraziyə ilkin baxış zamanı bütün evlərin dağıldığı müəyyən edildiyi üçün, yaşayış yerinin yenidən qurulması və layihələndirilməsi qərarı verilib. 353 evin tikintisi nəzərdə tutulub. Kənd təbiətin füsunkar gözəlliyi olan bir ərazidə yerləşdiyi üçün ümumi konsept layihə gələcəkdə turizm sektorunun inkişafına töhfə verəcək şəkildə hazırlanır.
Kənddə infrastruktur, yaşayış evləri, kommunikasiya xətləri və digər tikililər tamamən yenidən qurulacaq. “Tikinti işləri vahid memarlıq üslubunda görüləcək. Həmçinin mərkəzi və əsas küçələrdən biri turizm üçün nəzərdə tutulub. Kəndin adını götürdüyü və yaxınlıqda yerləşən Turşsu bulağı ətrafında da turizm sektoru üçün vacib olan obyektlərin qurulması nəzərdə tutulur. Hazırda ərazidə hazırlıq işləri davam edir və yaxın günlərdə tikintiyə başlanılacaq”, – deyə layihə rəhbəri bildirib.