Qalereyanın keçmiş baş direktorunun kitabı Bakıda təqdim edilib
Fevralın 12-də Bakı Kitab Mərkəzində tanınmış rusiyalı sənətşünas, Rusiya Dövlət Tretyakov Qalereyasının keçmiş baş direktoru Zelfira Trequlova ilə görüş keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva tədbirdə iştirak ediblər.
Görüş çərçivəsində Zelfira Trequlovanın “Tretyakovkanın şah əsərləri. Şəxsi baxış” kitabının təqdimatı olub.
Tədbirdən əvvəl müəllif AZƏRTAC-a müsahibəsində kitabın ərsəyə gəlməsindən danışıb: “Tretyakov Qalereyasında saxlanılan rus və sovet rəssamlarının əsərləri bu kitabın yazılmasına ilham verib. Əslində, qəribə də olsa, pandemiya və çox məşhur simalar – aktyor Konstantin Xabenski və müğənni Sergey Şnurovla birlikdə çəkdiyimiz iki filmin çəkilişi buna təkan oldu. Bu filmlərə Tretyakov Qalereyasının XX əsrin ən sevimli sənətkarları haqqında danışdığım “Arzamas” təhsil resursunda çox ciddi podkastlar silsiləsi əlavə edildi. Bu sənətkarlar arasında mənim üçün çox böyük əhəmiyyət kəsb edən dahi sənətkar Tahir Salahov var. Buna görə də kitab onun yaratdığı Qara Qarayevin portreti və digər görkəmli rəssam Erik Bulatovun əsəri haqqında hekayə ilə başa çatır”.
Z.Trequlovanın sözlərinə görə, o, kitabda dərin şəxsi baxışını bölüşmək istəyib: “Mən, əlbəttə ki, sənətşünasam. Lakin geniş auditoriyaya, əlbəttə ki, çox düşündüyüm bəzi sadə, aydın və əsas, lakin əlçatan şeyləri çatdırmaq istəyirdim. Bu kitab, mənə elə gəlir ki, insanı böyük sənətlə dialoq qurmaqdan çəkinməməyə və bu barədə düşünməyə başlamaqdan qorxmamağa sövq etməlidir”.
Əməkdar incəsənət xadimi Emin Məmmədov tədbiri açaraq bir çox layihələrin təşkilatçısı olan sənətşünas Zelfira Trequlovanın fəaliyyəti haqqında danışıb. Diqqətə çatdırıb ki, 2015-ci ildə o, Tretyakov Qalereyasının direktoru olarkən Venesiya Biennaledəki Azərbaycan milli pavilyonunu ziyarət edib. Orada Heydər Əliyev Fondu, Azərbaycan Milli İncəsənət Muzeyi, Müasir İncəsənət Muzeyinin kolleksiyasından 1960-1980-ci illərin rəssamlarının əsərləri təqdim edilmişdi: “Sərgimizi görən Zelfira xanım dedi: Mən bu sərgini Tretyakov Qalereyasında keçirməliyəm”. 2016-cı ildə qalereyada Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə “Abşeronun bürcü” adlı sərginin açılışı oldu...”.
Sonra söz kitabın müəllifinə verilib. Zelfira Trequlova Rusiyadan kənarda ilk dəfə kitabının təqdimatının məhz Azərbaycanda, sevdiyi və məmnuniyyətlə gəldiyi Bakıda keçirilməsindən şad və xoşbəxt olduğunu xüsusi vurğulayıb. “Bu gün də istisna deyil. Bizi burada gözəl hava qarşılayıb. Moskva şaxtalarından sonra bu, taleyin hədiyyəsidir. Sahil boyunca gəzinti, canlı və işıqlı şəhər, sadəcə, heyrətamizdir”, – deyə sənətşünas təəssüratlarını bölüşüb.
O, Leyla Əliyevaya və Heydər Əliyev Fonduna minnətdarlığını bildirib.
Zelfira Trequlova “Tretyakovkanın şah əsərləri. Şəxsi baxış” kitabı ilə bağlı fikirlərini bölüşüb, görüş iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, kitabda XIX–XX əsrlər Rusiya rəssamları İlya Repin, Mixail Vrubel, Kazimir Maleviç və başqalarının Tretyakov Dövlət Qalereyasında saxlanılan məşhur əsərlərindən bəhs olunur. Müəllif dünya sənət tarixində hansı rəsmlərin ona nə üçün ən əhəmiyyətli göründüyü barədə söz açır.
Zelfira Trequlova əslən Tatarıstandandır. Atası İsmayıl Trequlov kinooperator olub. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Z.Trequlova bir çox beynəlxalq muzey sərgisi layihələrinin kuratorudur. 2002-2013-cü illərdə “Moskva Kremli” Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun sərgi işi və beynəlxalq əlaqələr üzrə baş direktorunun müavini, 2015-2023-cü illərdə Dövlət Tretyakov Qalereyasının baş direktoru olub. RF Prezidenti yanında Mədəniyyət və İncəsənət Şurasının üzvüdür.