Azərbaycan XİN Ermənistanı hərbi eskalasiyadan çəkinməyə çağırıb

 

Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan tərəfinin təxribatına qarşı gördüyü tədbirlərin eskalasiya üçün bəhanə olması ilə bağlı iddiaları tamamilə əsassızdır.

Bu fikir iki ölkə arasındakı sərhəd zonasında baş verən son hərbi təxribatlarla bağlı Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatına dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində yer alıb.

Şərhdə qeyd edilib ki, Azərbaycanın hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi təxribatdan sonra Azərbaycan tərəfi erməni hərbi postundan irəli gələn təhlükəni aradan qaldırıb. Bu tədbir sırf cavab tədbiri idi.

“Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistan tərəfini bu istiqamətdə səyləri təhlükə altına qoya biləcək hərbi eskalasiyalardan çəkinməyə çağırır”, – deyə XİN-in şərhində vurğulanıb.

Xatırladaq ki, fevralın 12-də saat 13:37 radələrində Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə atəş açılıb.

DSX-dən bildiriblər ki, təxribat nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu əsgər Xəlilzadə Pərviz Ağakişi oğlu yaralanıb. Hərbi qulluqçu helikopterlə ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib.

Baş vermiş hadisə, o cümlədən qarşı tərəfdən atəşin açılması anı videomüşahidə kameraları vasitəsilə qeydiyyata alınıb.

***

Fevralın 13-də Azərbaycan DSX-nin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin bir gün öncə törətdiyi təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib.

DSX-dan verilən məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilərin olması barədə məlumatlar mövcuddur.

Məlumatda o da vurğulanıb ki, Ermənistan tərəfinin sərhəddə əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Qeyd edək ki, fevralın 13-də Ermənistan Müdafiə Nazirliyi baş verən qarşıdurmada itkilərinin olduğunu açıqlayıb. Bildirilib ki, 2 hərbçi həlak olub və yaralılar var.

Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi də Ermənistan tərəfin təxribatı barədə məlumat yayıb. Bildirilir ki, fevralın 12-si saat 20:50-də və 23:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.