Turizm Günündə Bakıda fotosərgi keçiriləcək
   
   27 sentyabr hər il dünyada Turizm Günü kimi qeyd olunur. Əlamətdar gün Azərbaycanda da müxtəlif tədbirlərlə yadda qalır. Turizm sahəsində çalışan peşəkarların bayramı tədbirlərin rəngarəngliyi ilə diqqəti cəlb edir.
   
   Dünya Turizm Gününün builki tədbirlərindən biri də «İnfotour.az» turizm xəbər portalı ilə Azərbaycan Turizm Assosiasiyasının (AZTA) birgə təşkil edəcəyi «Dünya turizm marşrutları» adlı fotosərgi olacaq. Portalın direktoru Kamran Qədirovun bildirdiyinə görə, sərgidə turizm və hotelçilik sahəsində çalışan insanların Azərbaycanın regionlarına və müxtəlif xarici ölkələrə səfərləri zamanı çəkdikləri eksklüziv fotoşəkillər nümayiş etdiriləcək.
   Sərgi «Fairmont Baku» hotelində Dünya Turizm Günü münasibətilə təşkil ediləcək tədbir çərçivəsində baş tutacaq. Fotosərginin mövzusu «Azərbaycan və dünya ölkələri turizm sektoru təmsilçilərinin gözü ilə» olacaq. Nümayiş olunacaq fotolar Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası, Rəssamlar İttifaqı və «İnfotour.az» xəbər portalının nümayəndələrindən ibarət jüri tərəfindən müəyyənləşdiriləcək. Fotosərgi müsabiqə şərtləri ilə keçiriləcək. Üç ən yaxşı foto əsəri qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
   Qeyd edək ki, Birləşmiş Millətlərin Dünya Turizm Təşkilatının (UNWTO) qərarı ilə Dünya Turizm Gününün builki mövzusu «Turizm və su resursları: ümumi gələcəyimizin qorunması»dır. Bu mövzu dünyada həyat üçün vacib olan su ehtiyatlarının mühafizəsində turizmin məsuliyyətinin və marağının artmasını əhatə edəcək. Su ehtiyatlarının qorunmasına dair keçirilən beynəlxalq tədbirlərə turizmin verə biləcəyi töhfələr diqqət mərkəzində olacaq. Dünya Turizm Gününün budəfəki mövzusu həm də BMT Baş Məclisinin 2010-cu il 20 dekabr tarixli «2013-cü il - Su Əməkdaşlığı Beynəlxalq İli» deklarasiyasının da tələblərinə cavab verir.
   Dünya Turizm Gününün rəsmi mərasimi Maldiv adalarında keçiriləcək. Hər il bu günün qeyd olunmasının məqsədi ictimaiyyətin diqqətini turizmin sosial, mədəni, siyasi və iqtisadi dəyərlərinə yönəltməkdir.

  Fəxriyyə Abdullayeva 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar