Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq.
Prezident İlham Əliyev bu sözləri fevralın 14-də keçirilən andiçmə mərasimindəki nitqində deyib.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, o bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.
Prezident qeyd edib ki, keçmiş köçkünlərin öz dədə-baba torpaqlarına qaytarılması prosesi uğurla gedir. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq.
İlin sonuna qədər 5 şəhərdə və 15 kənddə 20 min keçmiş köçkünün yerləşdirilməsinin nəzərdə tutulduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, ümumilikdə 100-dən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib, bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlanıb.