Azərbaycan

 

17 fevral 1895 – Qəzəlxan şair, Əməkdar incəsənət xadimi Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 1895 – 1.10.1965) Bakının Masazır kəndində doğulub. Nizami, Xaqani, Füzuli, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

17 fevral 1919 – Ədəbiyyatşünas, mətnşünas, klassik poeziyanın bilicisi Əli Fəhmi (1919 – 13.3.1975) Bakının Sabunçu qəsəbəsində anadan olub.

17 fevral 1920 – Dilçi-filoloq, professor, Əməkdar elm xadimi Əlövsət Zakir oğlu Abdullayev (1920–1993) anadan olub.

17 fevral 1926 – Xalq artisti Sofya Həsən qızı Hüseynova (1926 – 30.7.2015) Naxçıvanda doğulub. Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası Xədicə Qazıyevanın qızıdır, uzun illər bu sənət ocağında çalışıb.

17 fevral 1945 – Əməkdar artist Vəli Allahverdi oğlu Babayev (1945–1989) Naxçıvanda anadan olub. Naxçıvan Musiqili Dram Teatrının baş rejissoru işləyib.

17 fevral 1958 – Teatr və kino aktyoru Xeyri Osman oğlu Əmirzadə (1893–1958) vəfat edib. Krım türküdür. 1930-cu illərdən Azərbaycanda fəaliyyət göstərib. “Kəndlilər”, “Səbuhi”, “Bəxtiyar” və s. filmlərdə çəkilib.

17 fevral 2014 – Prezident İlham Əliyev Xalq artisti, dirijor Tofiq Əhmədovun 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

 

18 fevral 1201 – Böyük riyaziyyatçı, astronom və filosof Nəsirəddin Məhəmməd ibn Həsən Tusi (1201 – 23.6.1274) Həmədan şəhərində anadan olub. Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər Şərqin mötəbər elm mərkəzlərindən olub. “Əxlaqi-nasiri” etik traktatı, fəlsəfəyə dair əsərlərin müəllifidir. 

18 fevral 1924 – Əməkdar artist Osman İsmayıl oğlu Hacıbəyov (1924–1979) Şuşa şəhərində doğulub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru olub.

18 fevral 1925 – Publisist, tərcüməçi Hacı Əliheydər oğlu Hacıyev (1925–2008) anadan olub. Uzun illər Azərbaycan Jurnalistlər Birliyinə rəhbərlik edib.

18 fevral 1934 – Yazıçı-dramaturq, publisist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyеv; 1934–1986) Ucar rayonunda (əslən Ermənistanın Sisyan rayonunun Ağudi kəndindəndir) anadan olub. “Azərbaycan gəncləri” qəzetinin redaktoru, “Kirpi” jurnalının baş redaktoru işləyib. Əsərləri: “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi”, “Yolayrıcında” və s.

18 fevral 1947 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 – 29.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.

18 fevral 2021 – Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

19 fevral 1897 – Xalq artisti Antonina Mixaylovna Filippova (1897–1976) anadan olub. Dövlət Rus Dram Teatrında (1935-1950) aktrisa kimi fəaliyyət göstərib.

19 fevral 1921 – Əməkdar artist, tarzən Məmmədağa Məmmədhəsən oğlu Muradov (1921–1969) Bakıda anadan olub. Azərbaycan Dövlət Filarmoniyası Xalq çalğı alətləri orkestrinin solisti, konsertmeysteri olub, musiqi məktəblərində dərs deyib.

19 fevral 1948 – Əməkdar rəssam, pedaqoq Fikrət Məmməd oğlu Həşimov (1948 – 8.2.2022) Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru olub.

19 fevral 1949 – Respublika hökuməti Bakıda Üzeyir Hacıbəylinin ev-muzeyinin yaradılması barədə qərar qəbul edib. Qərar Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə, 1975-ci ildə həyata keçdi.

19 fevral 1949 – Ədəbiyyatşünas, mədəniyyət xadimi, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramov (1949 – 14.4.2021) Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində doğulub. S.Vurğunun yaradıcılığı, Tiflis Azərbaycan teatrının, Azərbaycanda muzey işinin tarixi ilə bağlı tədqiqatların müəllifidir.

 

20 fevral 1900 – Xalq artisti, aktyor, rejissor Səməd Məmməd oğlu Mövləvi (1900 – 3.2.1962) anadan olub. Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.

20 fevral 1915 – Əməkdar artist Rüxsarə Əli qızı Ağayeva (1915 – 26.11.1994) Bakıda anadan olub. Naxçıvan, Qazax teatrlarında, Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə çəkilib.

20 fevral 1925 – Əməkdar artist, vokalçı Kamal Həmid oğlu Kərimov (1925 – 13.1.1992) Bakıda doğulub. Musiqili Komediya, Opera və Balet teatrlarında çalışıb.

20 fevral 1928 – Tanınmış şair, dramaturq Əliağa Kürçaylı (Əliağa Həsənağa oğlu Vəliyev; 1928 – 11.2.1980) Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Kitabları: “Yollarda axtar məni”, “Həyatın dolayları”, “Dünya ovcumdadır” və s. Rus poeziyasından tərcümələr edib.

20 fevral 1935 – Şərqşünas, professor Şulan İsmayıl oğlu Şirəliyev (1935–2013) anadan olub.

20 fevral 1938 – Dilçi alim, türkoloq Cəfər İsmayıl oğlu Cəfərov (1938–1996) anadan olub.

20 fevral 1957 – Ustad tarzən, Əməkdar artist Məmmədxan Məmmədrza oğlu Bakıxanov (1890–1957) vəfat edib. Uzun müddət Cabbar Qaryağdıoğlu və Seyid Şuşinski kimi məşhur xanəndələri müşayiət edib.

20 fevral 1960 – Əməkdar artist Adil Ağakərim oğlu Zeynalov (1960 – 12.3.2020) anadan olub. Lənkəran Dövlət Dram Teatrında aktyor və rejissor işləyib.

20 fevral 1984 – Böyük bəstəkar, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Fikrət Məşədi Cəmil oğlu Əmirov (22.11.1922 – 1984) vəfat edib. Simfonik muğamlar, “Nizami” simfoniyası, “Azərbaycan kapriççiosu”, “Sevil” operası və s. əsərlərin müəllifidir. Bəstəkarın “Min bir gecə” baleti dünya musiqi xəzinəsinə daxildir.

20 fevral 2014 – Xalq artisti, tanınmış teatr və kino aktrisası Firəngiz Abbas Mirzə qızı Şərifova (6.2.1924 – 2014) vəfat edib.

20 fevral 2021 – Əməkdar rəssam Qüdrət Hacıbəy oğlu Məmmədov (12.12.1936 – 2021) vəfat edib. Şəki Dövlət Dram Teatrının baş rəssamı işləyib.

20 fevral 2023 – Xalq artisti, tanınmış teatr və kino aktyoru Ramiz Qəvvam oğlu Novruz (25.5.1955 – 2023) vəfat edib.

 

Dünya

 

17 fevral 1600 – İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno; 1548-1600) inkvizisiyanın (Katolik kilsəsinin məhkəməsi) qərarı ilə edam edilib.

17 fevral 1906 – Rus-sovet yazıçısı, uşaqlar üçün çoxsaylı əsərlərin, film ssenarilərinin müəllifi Aqniya Lvovna Barto (1906-1981) anadan olub.

 

18 fevral 1838 – Avstriya filosofu, pozitivizmin tanınmış nümayəndəsi Ernst Max (Ernst Mach; 1838-1916) anadan olub.

18 fevral 1932 – Çexəsilli Amerika kinorejissoru Miloş Forman (Milosh Forman – Jan Tomash Forman; 1932 – 13.4.2018) anadan olub. “Qu quşunun yuvası üzərindən uçuş” filmi (1975) 5 nominasiyada, “Amadey” filmi (1984) 8 nominasiyada “Oskar” mükafatına layiq görülüb.

18 fevral 1934 – Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov (1934–2017) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm!” filmində çəkilib.

 

19 fevral 1473 – Polyak astronomu, riyaziyyatçı, mütəfəkkir Nikolay Kopernik (1473 – 24.5.1543) anadan olub. Dünyanın heliosentrik sistemi (planetlərin Günəş ətrafında fırlanması) nəzəriyyəsinin banisi sayılır.

19 fevral 1743 – İtalyan bəstəkarı Luici Bokkerini (Luigi Boccherini; 1743–1805) anadan olub.

19 fevral 1821 – Alman dilçi-alimi, linqvistikanın tanınmış simalarından biri Avqust Şleyxer (August Schleicher; 1821–1868) anadan olub.

 

20 fevral 1925 – Amerika rejissoru, ssenarist Robert Altman (1925–2006) anadan olub. Avropanın üç əsas festivalının (Kann, Venesiya, Berlin) qalibi olan yeganə amerikalı rejissordur.

20 fevral 1967 – Dünyaca məşhur amerikalı rok-musiqiçi, “Nirvana” qrupunun rəhbəri Kurt Kobeyn (Kurt Donald Cobain; 1967–1994) anadan olub.

Hazırladı: V.Orxan