Çin Xalq Respublikasının gündəlik “Global times” (“Huanqiu Shibao”) qəzetində Azərbaycan haqqında məqalələr dərc edilib. 
   Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı ilə bir müddət öncə ölkəmizdə səfərdə olan “Global times” qəzetinin əməkdaşları respublikamız haqqında silsilə məqalələr hazırlayırlar. Növbəti iki məqalə Azərbaycan xalçası və Naftalan nefti haqqındadır.
   “Xalçaçılıq - Azərbaycan xalqının milli sərvətidir” başlıqlı məqalədə xalqımızın qədim xalçaçılıq sənətindən, xalçalarımızın gözəlliyindən, xalçaçılığın bugünkü vəziyyətindən söz açılır. Müəllif qeyd edir ki, tarixi tunc dövrünə gedib çıxan xalçaçılıq sənəti orta əsrlərdə çiçəklənməyə başlayıb. Həmin dövrdən etibarən Azərbaycan xalçaları xarici ölkələrə ixrac olunub. Hazırda dünyanın nüfuzlu muzeylərinin nadir eksponatları sırasında Azərbaycan xalçaları da yer alır.
   Qəzet yazır ki, bir çox Avropa rəssamları Azərbaycan xalçalarının naxışlarından öz əsərlərində mütəmadi istifadə edirlər. Məqalədə həmçinin Azərbaycan hökumətinin xalçaçılıq sənətinin qorunması və inkişafı istiqamətində gördüyü işlərdən bəhs olunur, ölkənin müxtəlif bölgələrində xalça muzeylərinin və xalçaçılıq məktəblərinin fəaliyyət göstərdiyi bildirilir. Eləcə də xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair xüsusi qanun qəbul olunduğu diqqətə çatdırılır.
   “Azərbaycanda xəstəliklər neft vannası ilə müalicə edilir” başlıqlı məqalədə isə Naftalan neftinin müalicəvi əhəmiyyətindən söz açılır. Qeyd olunur ki, müalicəvi xüsusiyyətə malik Naftalan neftindən faydalanmaq istəyənlər təkcə Azərbaycan vətəndaşları deyil. Dünyanın müxtəlif ölkələrindən bu sehrli neftin sorağını alıb gələnlər var. Hər il 10 mindən çox turist Naftalan nefti ilə müalicə olunmaq məqsədilə Azərbaycana gəlir.

  Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar