Əfsanəvi amerikalı rəqqasə haqqında monotamaşanın premyerası
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yəhudi əsilli rus yazıçı-dramaturqu Zinoviy Saqalovun “Aysedoranın üç həyatı” pyesi əsasında monotamaşa hazırlanıb. “Aysedora” monotamaşasının premyerası 21-22 fevralda olacaq.
Məşhur amerikalı rəqqasə Aysedora Dunkanın (1877–1927) keşməkeşli həyatından bəhs edən tamaşanın rejissoru və bədii redaktoru teatrın baş rejissoru Cavid İmamverdiyevdir.
Səhnə əsərində Aysedoranın dahi rus şairi Sergey Yeseninlə, məşhur teatr xadimi Qordon Kreq və o dövrün başqa görkəmli simaları ilə münasibətləri obrazlı şəkildə göstərilir.
“Sevgi və yaradıcılıq” mövzusunun ön plana çəkildiyi tamaşada Aysedora obrazını teatrın istedadlı solisti Olqa Georgiyeva canlandırır.
Səhnə əsərinin bədii rəhbəri Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, musiqi rəhbəri Əməkdar artist Fəxrəddin Atayev, səhnə tərtibatçısı Əməkdar rəssam Nabat Səmədova, baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, musiqi redaktoru Nigar Süleymanovadır.
Sergey Yeseninin şeirlərinin səsləndirildiyi tamaşada dünyaşöhrətli bəstəkarlar Sergey Raxmaninov, Lüdviq van Bethoven, Frederik Şopen, Entoni Nyuli, Artur Hamilton, Lesli Brikas, Astor Pyazzolla, Corc Gerşvin, İqor Stravinski, Tomas Albinoni, İsak Şvartsın (sözləri Bulat Okudjavaya məxsusdur) və Xalq artisti Sərxan Sərxanın (sözləri Yuri Rubtsova məxsusdur) əsərlərindən istifadə olunub.
Monotamaşa teatrın kiçik səhnəsində nümayiş olunacaq.
Xatırladaq ki, Bakı tamaşaçıları bundan öncə Aysedora Dunkanın həyatı ilə bağlı bir tamaşaya baxıblar. 2011-ci il 7-8 noyabrında ÜNS yaradıcılıq səhnəsində Ukrayna və Rusiyanın Xalq artisti, rejissor Roman Viktyukun quruluşunda “Sergey və Aysedora. Sergey Yesenin ilə Aysedora Dunkanın məhəbbət və ölümünün qeyri-sənədli tarixçəsi” tamaşası göstərilmişdi. Tamaşada Aysedora obrazını Rusiyanın Əməkdar artisti Anna Terexova canlandırmışdı.
1921-ci ildə sovet hökumətinin dəvəti ilə balet dərsləri vermək üçün Moskvaya gələn amerikalı rəqqasə Sergey Yeseninlə sevgi macərası yaşamış, bir müddət sonra onlar evlənmiş, 1923-cü ilin payızında isə ayrılmışdılar.