Londonda yaşayan qanalı rəssamın Bakıda sərgisi açılıb

 

Fevralın 14-də Heydər Əliyev Mərkəzində qanalı rəssam Kojo Marfonun “Ümid sınağı” (“Crucible of hope”) adlı fərdi sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.

Kojo Marfo mərasimdən əvvəl jurnalistlərə açıqlamasında sərginin möhtəşəm təşkil edildiyini deyib: “Bakıya ilk gəlişimdir. Burada olmaqdan və sərgimi keçirməkdən çox məmnunam. İnsanları mədəniyyət yaxınlaşdırır. Mədəniyyət sahəsində bizləri birləşdirən bir çox xüsusiyyətlər var. İlk sərgimi keçirməzdən əvvəl kifayət qədər həyatımı düşündüm. Həyatıma bir çox simalar daxil oldu, məhz onlar mənim əsərlərimin özünü təşkil edirlər və onlar məni sərgi keçirməyə həvəsləndirdilər. Bu isə insana hər zaman ümid verir”.

Açılış mərasimində çıxış edən sərginin kuratoru Jan-Davit Malat (Jean-David Malat) Bakıya səfərinin bu əsərləri digər insanlara sərgiləməklə yanaşı, həmçinin gözəl şəhərdən həzz almaq imkanı yaratdığını deyib. O, Kojo Marfonun solo sərgisinin təşkil edilməsinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərova öz minnətdarlığını bildirib, bundan sonra da bu cür sərgilərin keçiriləcəyinə ümidvar olduğunu söyləyib.

Rəssam Kojo Marfo çıxışı zamanı bildirib ki, sərgi onun uşaqlıq illərində gördüklərinə ithaf olunub, hər bir əsərin ardında bir mesaj dayanıb və bu mesajlar əsərlərlə insanlar arasında olan bağlantını əks etdirir. “Mənim üçün böyük şərəfdir ki, yaratdığım əsərləri belə gözəl, möhtəşəm binada sərgiləmək imkanı qazandım. Bunun üçün Heydər Əliyev Fonduna minnətdarlığımı bildirirəm”, – deyə o əlavə edib.

Sonra sərgiyə baxış olub.

Ekspozisiyada qanalı rəssamın əlvan rəngləri ilə nəzərləri özünə cəlb edən, izləyicilərinə xoş, hətta bəzən bayram əhvali-ruhiyyəsi bəxş edən 20-dən çox əsəri nümayiş olunub. Əsərlər onun uşaqlıq xəyallarını müasir dünyanın reallığı ilə bir-birinə qarışdırır. Hər bir əsərində məna və emosiya qatları ziyarətçilərə Kojo Marfonu daha dərindən kəşf etmək imkanı qazandırır. Sərgi ziyarətçilərə rəssamın fərqli zəkasını, yumor hissini və dərin müşahidə bacarığını nümayiş etdirir.

Qeyd edək ki, Qanada doğulub-böyüyən Kojo Marfo Londonda yaşayır. O, uşaqlıqdan tanış olduğu Afrikanın ənənəvi Akan artefaktlarının, heykəllərinin təsiri altında rəssam kimi inkişaf edib. Çoxsaylı səyahətlər də onun müxtəlif mədəniyyətlərlə tanışlığına və həmin mədəniyyətlərin yaradıcılığında əks edilməsinə səbəb olub. Rəssamın yaradıcılığı ilə tanışlıq da mədəniyyət dəhlizləri ilə səyahət etməyə bənzəyir.

Kojo Marfonun əsərləri bundan əvvəl Amsterdam, Barselona, London, Nyu-York, Paris, Tokio və digər şəhərlərdə nümayiş etdirilib.