Dinozavrlar elmə necə məlum olublar?

 

1824-cü il fevralın 20-də ingilis təbiətşünası və ilahiyyatçısı Vilyam Baklənd London Geoloji Cəmiyyətinə müraciət edərək Oksford yaxınlığındakı Stounzfild kəndində şifer karxanasında tapılan nəhəng çənə və ətraf sümüklərini təqdim edib. O bu fosillərin nəhəng keçmiş sürünənlərə aid olduğunu anladıb və ona ilk elmi ad verib: “meqalozavr”, yəni “böyük kərtənkələ”. Bununla da, ilk dinozavr elmdə tanınıb, baxmayaraq ki, “dinozavr” sözü 1840-cı illərə qədər işlənməyib.

Edinburq Universitetinin paleontoloqu Stiv Brusatt həmin kəşflə bağlı bildirib: “Bu bizim dinozavrlara olan məftunluğumuzun başlanğıcı idi. Onun elan edilməsindən sonra insanlar İngiltərədə və bütün Avropada nəhəng heyvan sümükləri axtarmağa başladılar”.

Aradan keçən 200 il ərzində dinozavrlarla bağlı elmi tədqiqatlar inkişaf edərək bu canlıların necə göründüyü, necə yaşadıqları, necə təkamül keçirdikləri və onları nəyin məhv etdiyi barədə məlumat verdi. Dinozavrlar Mezozoy erasında təxminən 231 milyon il əvvəldən 66 milyon il əvvələ qədər mövcud olublar.

Oksford Universitetinin Təbiət Tarixi Muzeyindən paleontoloq Emma Nikolls deyib: “Bizim dinozavrlar haqqında anlayışımız XIX əsrdən bəri əhəmiyyətli dərəcədə dəyişdi. Həmin dövrdə yaşamış Baklənd və digər təbiətşünaslar indi bu biliklərimizdən heyrətə gələrdilər”.

Məsələ burasındadır ki, XIX əsrin paleontoloqları dinozavrın hansı dövrdə yaşadığını bilmir və Yerin tarixinin də cəmi bir neçə min il olduğuna inanırdılar. Alimlər indi bilirlər ki, Yer kürəsinin təxminən 4,5 milyard il yaşı var və meqalozavr təxminən 165 milyon il əvvəl yaşayıb.

ABŞ-nin Nyu-Cersi ştatında hadrozavr və driptozavr kimi nəhəng heyvan qalıqlarının sonrakı kəşfi bəzi dinozavrların ikiayaqlı olduğunu göstərdi və onların sürünən kərgədanlara bənzədiyinə dair təsəvvürü dəyişdi. Təxminən 1870-ci illərdən başlayaraq əvvəlcə Amerikada, sonra Belçikada və başqa yerlərdə tapılan ilk tam böyük dinozavr skeletləri onların fərqli anatomiyasını və müxtəlifliyini nümayiş etdirdi.