“Şuşa” süni zəkasının təqdimatı ilə Azərbaycanın rəqəmsal incəsənət sərgisi

 

Azərbaycanın Belçikadakı Səfirliyinin dəstəyi ilə Brüsselin Kral parkında yerləşən “Cercle Royal Gaulois” mədəniyyət sarayında 12-13 fevral tarixlərində “Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisi keçirilib.

Sərgidə cari ildə Şuşa şəhərinin “İslam dünyasının mədəniyyət paytaxtı” elan olunması ilə əlaqədar “Şuşa” adlı süni zəka tərəfindən Azərbaycanın mədəni irsi əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, eləcə də milli motivləri əks etdirən kəlağayılar nümayiş etdirilib.

Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi Türkiyədə yaşayan soydaşımız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo Art” rəqəmsal incəsənət qrupunun azərbaycanlı və türkiyəli sənətkar və mühəndisləri tərəfindən Azərbaycan mədəniyyətinin beşiyi olan şəhərin qədim ənənəvi incəsənətinin innovativ texnologiyalar vasitəsilə canlandırılması məqsədilə yaradılıb.

Sərginin açılışında Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov çıxış edərək “Şuşa” süni zəka layihəsinə görə Nabat Qaraxanovaya və onun “Mezo Art” komandasına təşəkkürünü bildirib.

Nabat Qaraxanova açılış tədbirinə qatılan qonaqlara – diplomatik korpusun təmsilçilərinə, Belçikanın mədəniyyət, media mənsublarına və bu ölkədəki azərbaycanlı icmasının nümayəndələrinə layihə barədə ətraflı məlumat verib.