Olaylar, faktlar (16 – 19 fevral)
161 il əvvəl...
17 fevral 1863-cü ildə Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilib. Dünyanın “qaynar” nöqtələrində humanitar fəaliyyət göstərən təşkilatın təşəbbüskarı və ilk rəhbəri isveçrəli iş adamı, ictimai xadim Anri Dünan (Jean Henri Dunant) olub.
146 il əvvəl...
19 fevral 1878-ci ildə Rusiya ilə Türkiyə (Osmanlı) arasında növbəti müharibə başa çatıb və tərəflər arasında ilkin sülh sənədi – San-Stefano müqaviləsi imzalanıb. Müqavilə ilə Osmanlı dövləti Balkanlar üzərində faktiki nəzarəti itirib.
108 il əvvəl...
16 fevral 1916-cı ildə I Dünya müharibəsi gedişində Qafqaz cəbhəsində hücumu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum bölgəsini işğal ediblər. Rusiya bunadək Türkiyənin 1877–1878-ci illər müharibəsində itirdiyi Qars və Ərdəhan bölgələrinə də nəzarət edirdi. Türkiyə Birinci dünya müharibəsindən sonra (1918) hər üç bölgəni Rusiyadan geri ala bildi.
72 il əvvəl...
18 fevral 1952-ci ildə Türkiyə ilə Yunanıstan NATO üzvlüyünə qəbul olunub. Kipr və Egey dənizi məsələlərində aralarında mübahisə olan iki dövlətin eyni vaxtda alyansa qəbulu NATO-nun prinsipial mövqeyi idi.
70 il əvvəl...
19 fevral 1954-cü ildə SSRİ rəhbəri Nikita Xruşşovun təşəbbüsü ilə Krım vilayəti Rusiyanın tərkibindən çıxarılaraq Ukrayna SSR-ə verilib. 27 min kvadrat kilometr ərazisi olan Krım vilayəti 1945-ci ildə təşkil olunmuşdu. Xruşşov Ukraynanın Rusiyaya birləşdirilməsinin (1654) 300 illiyi münasibətilə bu jesti etmişdi.
59 il əvvəl...
18 fevral 1965-ci ildə Böyük Britaniyanın Afrikadakı müstəmləkəsi olan Qambiya dövlət müstəqilliyini elan edib.
45 il əvvəl...
17 fevral 1979-cu ildə Çin qoşunları Vyetnam ərazisinə daxil olaraq ölkənin bir hissəsini işğal edib. Beynəlxalq ictimaiyyətin kəskin etirazını doğuran işğal martın 5-dək davam etdi.
32 il əvvəl...
16 fevral 1992-ci ildə Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO – Economic Cooperation Organization) üzv olub. Təşkilatın Tehranda keçirilən toplantısında keçmiş SSRİ-nin daha beş respublikası – Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan da üzvlüyə qəbul edilib. ECO 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda Əfqanıstan da daxil olmaqla 10 ölkəni birləşdirir.
17 fevral 1992-ci ildə erməni silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə ermənilərin hücumlarına məruz qalmışdı. İşğal zamanı kənddə olan 116 nəfər əsir götürülmüş, onların 68 nəfəri daha sonra öldürülmüşdü. Qaradağlı kəndi 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatından sonra Azərbaycanın tam suverenliyi altına qayıtdı.
15 il əvvəl...
18 fevral 2009-cu ildə Bakıda “İslam mədəniyyətinin paytaxtı 2009” ilinin açılış mərasimi keçirilib. Bakı şəhəri İslam ölkələri elm, təhsil və mədəniyyət təşkilatı – ICESCO-nun 2007-ci ildə qəbul etdiyi qərarla “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdu.
Hazırladı: V.Orxan