2020-ci ilin Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə indiyədək 118 502 hektar (1185 kvadrat kilometr) ərazi minalardan təmizlənib.
Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) məlumatında bildirilir.
Məlumatda diqqətə çatdırılır ki, bu statistika 10.11.2020-ci il tarixindən 14.02.2024-cü il tarixinədək işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən aparılan ümumi minatəmizləmə fəaliyyətini əks etdirir.
Xatırladaq ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra erməni işğalından azad edilən ərazilər təxminən 10 min kvadrat kilometr təşkil edir. Buraya 19-20 sentyabr 2023-cü ildə Azərbaycanın suverenliyini tam bərqərar etdiyi ərazilər daxil deyil.
ANAMA-nın məlumatında o da bildirilir ki, ötən müddətdə təmizlənən sahələrdə ümumilikdə 62228 ədəd partlamamış hərbi sursat, 31175 ədəd piyada əleyhinə mina və 18790 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Qeyd olunub ki, bu müddət ərzində 345 nəfər minaya düşüb. Onlardan 65 nəfər həlak olub.