Böyük aktyor və rejissor Şahmar Ələkbərovun yaradıcılığında ömrünün ən ağır dönəmində çəkdiyi “Sahilsiz gecə” filmi xüsusi xətlə keçir. Ekranlara çıxmasının 35 il tamam olan film fevralın 13-də “CinemaPlus Azərbaycan”da “Milli kinoya baxış” layihəsində göstərildi və bir daha müzakirə olundu.

Xalq yazıçısı Elçinin ssenarisi üzrə (“Toyuğun diri qalması” povesti əsasında) çəkilən film 1989-cu ilin yayında, Azərbaycanda milli azadlıq hərəkatının qızğın çağında, Qarabağ davasının başlandığı vaxtda ekrana çıxmış və qalmaqallara səbəb olmuşdu.

Filmin Azərbaycan xalqının milli-əxlaqi dəyərlərinə uyğun gəlmədiyini söyləyənlər çox idi, onun nümayişinin dayandırılması, hətta rejissorun cəzalandırılması tələbilə “Azərbaycanfilm” kinostudiyasının önündə etiraz aksiyaları da keçirilmişdi. Bu faktı ölümündən az öncə verdiyi müsahibəsində ağrı ilə qeyd edən Şahmar Ələkbərov əsl rejissor kimi filmini xırdalıqları ilə təhlil etməkdən də yorulmurdu. Müsahibəni təkrar dinlədikdən sonra öz-özümə bu sualı verdim: tamaşaçılar görəsən indi də bu düşüncədədirmi?

Kinoteatrın zalını dolduranlar filmi maraqla izlədilər və bununla suala da özünəməxsus “cavab verdilər”.

Film qadınları və onların həyatını mərkəzə gətirsə də, əsas motiv cəmiyyətdir.

Tədbirin moderatoru kinoşünas Sevda Sultanova filmin yaradıcı heyəti haqqında ətraflı məlumat verdi, onun ideyasına, ifadə imkanlarına nəzər saldı: “Məşum 37-ci illərin repressiyası dövründə üç azərbaycanlı qadının yüngül həyat tərzi keçirməsi ön plana çəkilir. Film boyu onların bu yola düşməyə məhkum edilmələrindən yaşadıqları həyata etirazlarına qədər ağır bir hekayət təsvir olunur”.

“Toyuğun diri qalması” povestini heç vaxt kino kimi təsəvvür etmədiyini deyən ssenari müəllifi Elçin “Sahilsiz gecə”nin onun üçün gözlənilməz olduğunu dedi: “Məni Şahmar Ələkbərovun səmimiliyi inandırdı. Hiss etdim ki, o, bütün varlığı ilə bu filmi çəkmək istəyir. Filmin bugünkü nümayişi mənim üçün çox xoş hadisə oldu. Ona görə yox ki, mənim povestim əsasında çəkilib. Həm də bu gün Şahmarın ruhu şad oldu. Şahmar bu filmin çəkilişlərində xəstəliyi ilə əlaqədar çox əziyyət çəkmişdi. Bu filmlə həm də o özünü yaşadırdı”.

Baş rolu oynayan Əməkdar artist Mehriban Xanlarova filmin ərsəyə gəlməsindən sonrakı məqamlara yenidən nəzər saldı: “Azərbaycanda ilk dəfə əxlaqsız qadın obrazını oynamaq, özü də belə bir ağır mövzuda çəkilmək asan olmadı. Amma həm də o roluma, o filmə minnətdaram. Çünki bu gün də Zibeydə obrazının sayəsində sənətdə addımlayıram. Həmişə demişəm ki, mən Şahmarın çörəyini yeyirəm”.

Filmin quruluşçu operatoru Rafiq Əliyev kadrların incəliklərinə diqqət çəkməyə çalışdı: “Mehribanın monoloqu filmin ən mühüm səhnələrdən biri idi. Fikir verdinizsə, o səhnə kamera ayrılmadan çəkilmişdi. Birbaşa, əlil arabasının üstündə dinamik çəkiliş Şahmarın ustalıqla hazırladığı monoloq və seçdiyi aktyorların bacarığına görə idi”.

Nümayiş müzakirə və yaradıcı heyətə suallarla sona çatdı.

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı, ötən illərdəki ənənənin davamı olaraq, bu il üçün film nümayişlərinə start verib.

Həmidə