Fevralın 16-da görkəmli ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 70 yaşı tamam olur. Bu münasibətlə Milli Kitabxanada professorun yaradıcılığını əks etdirən ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə müəllifin əsərləri, tərcümə etdiyi, rəy və ön söz yazdığı kitablar, tərtibçi və redaktoru olduğu ədəbiyyatlar nümayiş etdirilir.

Sərgi bir həftə ərzində ziyarətçilər üçün açıq olacaq.

Qeyd edək ki, Asif Rüstəmli 15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olub, onlara ön söz yazıb. Elmi məqalələri xarici ölkələrdə türk, fars, rus, polyak və macar dillərində çap olunub. Ssenariləri əsasında “Günəş Şərqdən doğur”, “İstiqlal fədaisi”, “Nurlu gələcək naminə” sənədli filmləri çəkilib, Moskvanın “Kinoprodukt” Studiyasının çəkdiyi “Əfsanənin əks üzü” seriyasından “26 Bakı komissarı” sənədli filminin elmi məsləhətçisi olub və filmdə yer alıb.

1992-1996-cı illərdə Azərbaycan Televiziyasında yayımlanan “Yaddaş” və “Tarix bizə nə deyir” verilişlərinin ssenari müəllifi və aparıcısı olub.

***

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən görkəmli tədqiqatçı-alim, tanınmış Azərbaycan ədəbiyyatşünası, professor Asif Rüstəmlinin 70 illik yubileyi münasibətilə elektron məlumat bazası yaradılıb.

Kitabxanadan bildirilib ki, bazada Asif Rüstəmlinin həyat və elmi fəaliyyəti, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, tərtib etdiyi kitablar, tərcümələri, məqalələri, müsahibələri, dissertasiya və avtoreferatları təqdim edilir.

Elektron məlumat bazasında “Professorun dəyərli fikirləri”, “Ədəbiyyatın layiqli sıra nəfəri” kimi bölmələrlə yanaşı, Asif Rüstəmlinin Azərbaycan, türk və rus dillərində çap olunan kitab və məqalələri, təltif və mükafatları haqqında məlumatlar da yer alır. Elektron məlumat bazasında professorun video və fotoqalereyası, virtual kitab sərgisi də sərgilənir.

Kitabxananın rəsmi saytında yerləşdirilən elektron baza ilə tanış olmaq istəyənlər bu linkdən – https://ryl.az/melumat-bazalari/Professor_Asif_Rustemli_el_melumat_bazasi/index.html keçid edə bilərlər.